...

Azərbaycanın Milli QHT Forumu yeni qanunvericiliyin vətəndaş cəmiyyətinin inkişafına problem yaratmayacağını düşünür

Cəmiyyət Materials 30 İyun 2009 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Milli Qeyri-Hökumət Təşkilatları (QHT) Forumu parlamentdə "Qeyri-hökumət təşkilatları haqqında" qanuna edilən əlavə və dəyişikliklərin vətəndaş cəmiyyətinin inkişafına problem yaratmayacağını düşünür.

"Layihədən bizim etirazımıza səbəb olan müddəaların əksəriyyəti çıxarılıbsa, deməli qeyri-hökumət təşkilatlarının fəaliyyətinin məhdudlaşdırılması problemi ilə üzləşməyəcəyik", - çərşənbə axşamı Trend -a Milli QHT Forumunun rəhbəri Rauf Zeyni bildirib.

Zeyninin sözlərinə görə, vətəndaş cəmiyyətinin fəaliyyətinə uyğun gəlməyən müddəaların layihədən çıxarılması göstərir ki, Azərbaycan hakimiyyəti qeyri-hökumət təşkilatlarının inkişafında maraqlıdır.

Bu gün Milli Məclisdə "Qeyri-hökumət təşkilatları haqqında" qanuna təklif edilən əlavə və dəyişikliklər qəbul olunub.

Qanunun 3-cü maddəsinə edilən əlavəyə görə, qeyri-hökumət təşkilatlarının adında Azərbaycanın dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz.

"Qeyri-hökumət təşkilatının filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması tələb edilmir. Təşkilat on gün müddətində müvafiq icra hakimiyyəti orqanına filial və (və ya) nümayəndəliyinin yaradılması haqqında məlumat verməlidir", - bu əlavə 7-ci maddəyə edilib.

Həmin maddəyə edilən digər bir əlavəyə görə təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxsllər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar.

"Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qeyri-hökumət təşkilatının təsisçisi ola bilərlər", - qanunun 9-cu maddəsinə belə bir dəyişiklik edilib.

Qanunun 10-cu maddəsinə edilən əlavədə isə qeyd edilir ki, ictimai birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməlidir.

12-ci maddəyə edilən əlavəyə görə, fond yaradılarkən onun nizamnamə kapitalı on min manatdan az olmamalıdır.

Bu maddəyə nəzərdə tutulan digər bir əlavədə qeyd edilir ki, Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı həmin təşkilatlarla bağlanmış saziş əsasında həyata keçirilir.

"Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir", - bu müddəa qanunun 13-cü maddəsinə əlavə edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti