...

İrandan Azərbaycana qaçaqmal yolu ilə narkotik gətirən dəstə üzvlərinə prokuror iş istəyib

Cəmiyyət Materials 22 İyul 2009 17:16 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə çərşənbə günü keçirilən prosesdə dəstə üzvlərinin məhkəmə istintaqı yekunlaşıb.
İrandan Azərbaycana qaçaqmal yolu ilə narkotik gətirən dəstə üzvlərinə prokuror iş istəyib

Azərbaycan, Bakı, 22 iyul / Trend , muxbir H.Bağırov /

İrandan Azərbaycana qaçaqmal yolu ilə narkotik gətirən dəstə üzvlərinə prokuror iş istəyib.

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə çərşənbə günü keçirilən prosesdə dəstə üzvlərinin məhkəmə istintaqı yekunlaşıb.

Dəstə üzvləri 231 kiloqram həşişi Xəzər dənizinin Azərbaycana aid akvatoriyası istiqamətindən qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək satış məqsədilə İrandan Azərbaycana gətiriblər.

Neftçala rayon sakini Etibar Mehrəliyev hazırda şəxsiyyətləri istintaqla araşdırılan digər İran vətəndaşlarının Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə gətirdikləri 231 kiloqrama yaxın narkotik vasitə olan həşişi 2008-ci il dekabrın 23-də "Qızılağac" Dövlət Qoruğu ərazisində yerləşən Kurkamen adasında onlardan qəbul edib, həmin narkotiki öz qayığı ilə daşıyaraq, Neftçalada dəniz sahilində gizlədib. Sonradan isə dəstənin digər üzvləri ilə birgə həmin ərazidən çıxarıblar.

Milli Təhıükəsizlik Nazirliyi tərəfindən hazırlanmış xüsusi əməliyyat planı əsasında 2008-ci il dekabrın 25-də həyata keçirilən tədbirlər nəticəsində narkotik daşınan avtomobillər Lənkəran şəhərində saxlanılıb, onların yük yerindən 180 kiloqramdan artıq həşiş aşkarlanıb. Mehrəliyevin qardaşının evində gizlətdiyi daha 50 kiloqramdan çox həşiş də müsadirə edilib.

Dövlət ittihamçısı dəstə üzvləri Etibar Əliyev, Mikayıl Aslanlı, Tərlan Muradov, Etibar Mehrəliyev, Natiq Balayev, Rövşən Məmmədov, Samir Səmədov və Rza Əhmədovun hər birinə 15 il azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib.

Təqsirləndirilənlərin vəkilləri çıxış edərək cəzanın ağır olduğunu bildirib və məhkəmədən hüquqlarını müdafiə etdikləri şəxslərə yüngül cəza verilməsini xahiş ediblər.

Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə çıxıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti