...

Azərbaycanın müxalif gəncləri narkomaniyaya qarşı mübarizədə tutarlı əks-təbliğat formalarından istifadəni vacib hesab edirlər

Cəmiyyət Materials 29 İyul 2009 12:56 (UTC +04:00)
Gənclərin asudə vaxtının səmərəli keçirilməsi təmin olunmalı, onların elmə, idmana marağı artırılmalı, ölkənin ictimai-siyasi həyatında onların rolu təmin edilməlidir. Narkotik vasitələrə meyl göstərmənin digər səbəbi gənclərdə mənəvi boşluğun olmasıdır. Gənc, dövlətə və millətə lazım olduğunu bilməlidir.
Azərbaycanın müxalif gəncləri narkomaniyaya qarşı mübarizədə tutarlı əks-təbliğat formalarından istifadəni vacib hesab edirlər

Azərbaycan, Bakı, 29 iyul / Trend , müxbir C.Babayeva /

Trend News Azərbaycanın müxalif gənclər təşkilatları arasında narkomaniyaya meylliliyin qarşısının alınması və ona qarşı əks-təbliğatda hansı effektli tədbirlərin həyata keçirilməsi ilə bağlı sorğu keçirib.

Müsavat Partiyasının gənclər təşkilatının sədri Tural Abbaslı - Azərbaycanda gənclərin narkotik vasitələrə meyl göstərməsinin əsas səbəblərindən biri məşğulluqla bağlıdır. Onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi yerlər olmadığına görə, narkomaniya kimi zərərli vərdişlərə meyl göstəririrlər. Bu istiqamətdə regionlarda gənclərlə xüsusi iş qurulmalıdır.

Gənclərin asudə vaxtının səmərəli keçirilməsi təmin olunmalı, onların elmə, idmana marağı artırılmalı, ölkənin ictimai-siyasi həyatında onların rolu təmin edilməlidir. Narkotik vasitələrə meyl göstərmənin digər səbəbi gənclərdə mənəvi boşluğun olmasıdır. Gənc, dövlətə və millətə lazım olduğunu bilməlidir.

Daxili İşlər, Gənclər və İdman nazirlikləri gənclərin narkotik vasitələrə meyl göstərməsinin qarşısını almaq üçün ölkənin əsasən cənub bölgəsində müştərək tədbirlər hazırlayıb həyata keçirməlidir.

Azərbaycanın siyasi partiyalarının gənclər təşkilatları narkomaniya ilə bağlı əks-təbliğata diqqət ayırmalıdırlar. Dövlət qurumları bu istiqamətdə işlər həyata keçirsələr, onlara köməklik göstərməyə hazırıq. Əks-təbliğat aparmaq vəsait tələb etdiyinə görə, gənclər təşkilatları bu istiqamətdə rəmzi xarakterli tədbirlər həyata keçirə bilər. Dövlətdən qrant alan qeyri-hökumət təşkilatları bu istiqamətdə layihələr həyata keçirməklə daha real addımlar ata bilərlər.

AN Network gənclər şəbəkəsinin üzvü Vəfa Cəfərova - Azərbaycanda gənclərin narkotik vasitələrə meyllənməsinin qarşısını almaq üçün cazbedici əks-təbliğat formalarından istifadə olunmalıdır. Narkomaniyanı təbliğ edən filmlər o qədər cazibedicidir ki, gənclər narkotik vasitələrə meyl göstərirlər. Bunun əksi olaraq eyni cəzbedici əks-təbliğat materialları, filmlər və kampaniyalar hazırlanmalıdır.

Dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da gənclər arasında məşhur rep və rok qruplarının "Narkomaniyaya yox!" şüarı altında konsertləri təşkil olunmalıdır.

Vətəndaş və İnkişaf Partiyasının gənclər təşkilatının sədri Nurəddin Babayev - Azərbaycanda gənclərin narkotik vasitələrə meyl göstərməsinin əsas səbəbi onların təhsildən çox əyləncəyə daha çox vaxt ayırmasıdır. Əyləncə həddindən artıq olanda siqaret, spirtli içki kimi zərərli vərdişlərə meyllənirlər. Bu vərdişlər inkişaf etdikcə narkotik vasitələrdən istifadəyə keçir.

Bu vasitələrə qarşı əks-təbliğatda gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə xüsusi diqqət ayrılmalıdır. Əsas təhsilə maraq artırılmalıdır. Gənclər anlamalıdırlar ki, onların gələcəyi aldıqları təhsilin keyfiyyətindən asılıdır.

Trend -un arayışı: Azərbaycanda 23 254 şəxs narkotik istifadəçisi kimi rəsmi qeydiyyata alınıb. Bu ilin altı ayı ərzində narkotiklərə bağlı cinayət əməllərinə görə 1243 nəfər məsuliyyətə cəlb olunub. Onlardan üçü 18 yaşına qədər, 98-i 18-25 yaş arası, 206-sı 26-29 yaş arası, 936-sı isə 30 yaşdan yuxarı olan şəxslərdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti