Azərbaycan, Bakı, 07 avqust / Trend , muxbir H.Bağırov /
Azərbaycan məhkəməsi özünü Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı kimi təqdim edən İran vətəndaşının cəzasını ikinci dəfə azaldıb.
Bakı Apellyasiya Məhkəməsindən Trend -a verilən məlumata görə, İslam Respublikasının vətəndaşı Baxşeş Ərdəşir, Bakı şəhər sakinləri Ağakərim Mirzəliyev və Musa Mustafayevin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmündən verdikləri apellyasiya şikayətinə baxılıb.
Ərdəşirin apellyasiya şikayəti qismən təmin edilib. Ərdəşirin cəzası 4 il 6 aya endirilib. Hökmün digər şəxslər barəsindəki hissəsi isə qüvvədə saxlanılıb.
Adıçəkilən şəxslər Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunublar. Əvvəllər dələduzluq və talama, habelə rüşvət vermə cinayətlərinə görə iki dəfə məhkum olunmuş Ərdəşir yaxın tanışları Mirzəliyev və Mustafayevlə cinayət əlaqəsinə girərək, uzun müddət özünü MTN polkovniki kimi qələmə verib, ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluqla məşğul olub.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Ərdəşir 6 il müddətinə azadlıqdan məhrum edilib, Mirzəyev 3 min, Mustafayev isə 6 manat cərimə olunmaqla məhkəmə zalından azadlığa buraxılıb. Bir müddət əvvəl Ərdəşirin apellyasiya şikayətinə baxılaraq, onun cəzası 5 ilə endirilmişdi. Baş Prokurorluq isə Ərdəşirin cəzasının ağırlaşdırılması ilə bağlı Ali Məhkəməyə protest vermişdi. Ali Məhkəmə protestə baxaraq işə yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərər qəbul etmişdi.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]