Azərbaycan, Bakı, 13 avqust / Trend , muxbir K.Zərbalıyeva /
Azərbaycanda dövlətə xəyanətə görə məhkum olunmuş "Tolışi sədo" qəzetinin sabiq baş redaktorunun müayinələri yekunlaşıb.
Ombudsman Aparatının mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, baş redaktor Novruzəli Məmmədova kliniki diaqnoz qoyulub.
Məmmədovda boyun və bel fəqərələrinin osteoxondrozu, sağ tərəfli pleksit, hipertoniya xəstəliyinin tədricən proqressivləşən gedişli ikinci mərhələ, kəskin obstruktiv bronxitin qalıq əlamətləri, xroniki xolesistit, başlanğıç katarakta, şüşəvari cismin destruksiyası, hipertonik angioskleroz, düyünlü toksik zob xəstəliyinin birinci mərhələsi, prostat vəzin adenoması xəstəlikləri müəyyən edilib.
Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun sabiq bölmə müdiri, "Tolişi sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədov və qəzetin məsul katibi Elman Quliyev 2007-ci il fevralın əvvəlində həbs olunublar.
Cinayət Məcəlləsinin dövlətə xəyanət (274) və milli, irqi, dini düşmənçiliyi yayma (283-cü) maddələri ilə ittiham olunan Məmmədov 10 il, Quliyev isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xəstənin ümumi vəziyyəti nisbi kafidir və tibb mütəxəssisləri tərəfindən təyin olunmuş müalicə kursunu davam etdirir.
Baş redaktor bu il iyulun 28-də 15 saylı cəzaçəkmə müəssisəsindən müalicə müəssisəsinin nevrologiya şöbəsinə köçürülüb.
Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]
Azərbaycanda dövlətə xəyanətə görə məhkum olunmuş baş redaktorun tibbi müayinələri ilə bağlı yekun rəy verilib
Azərbaycanda dövlətə xəyanətə görə məhkum olunmuş “Tolışi sədo” qəzetinin sabiq baş redaktorunun müayinələri yekunlaşıb.