...

İran parlamentinin deputatları Kərrubi ilə məhbusların cinsi təcavüzə məruz qalmaları barədə iddialarını müzakirə edəcəklər

Cəmiyyət Materials 24 Avqust 2009 11:42 (UTC +04:00)

İran parlamentində prezident seçkilərindən sonrakı hadisələrlə bağlı yaradılmış "özəl komitə"nin üzvləri prezidentliyə sabiq namizəd Mehdi Kərrubi ilə görüşəcəklər.

Mehr agentliyinin məlumatına əsasən, deputatlar həbsxanalarda siyasi xadimlərin, həmçinin prezident seçkilərinin nəticələrinə qarşı etiraz aksiyası zamanı həbs olunmuş sıravi vətəndaşların cinsi təcavüzə məruz qalmaları və işgəncələr nəticəsində ölmələrilə bağlı Kərrubinin iddia etdiyi faktları araşdıracaqlar.

Bundan əvvəl, Kərrubi aksiyalar zamanı həbs edilmiş oğlan və qızların cinsi təcavüzə məruz qalmaları haqda məlumat vermişdi. Avqustun 22-də "Times" qəzeti həbsdə cinsi təcavüzə məruz qalmış 15 yaşlı Rıza adlı bir oğlanla müsahibə yayıb.

Digər tərəfdən, İranda ən böyük siyasi partiyalardan biri olan Müşarikət Partiyası da bəyanat yayaraq bildirib ki, siyasi baxışlarına görə həbs olunmuş qadınları özləri və həmkarları haqda "əxlaqsız" etiraflar etməyə məcbur edirlər.

Tren News-un arayışı: İranda prezident seçkilərinə etiraz aksiyalarında iştirak edənlərin həbs edilərək cinsi təcavüzə məruz qalmaları ilə bağlı Ali Məsləhət Şurasının baş katibi Möhsün Rezayi bildirib ki, zorlama halları ilə bağlı yayılan xəbərlər doğru olarsa, o zaman milli matəm elan olunmalıdır.

İranın Mehr agentliyinin avqustun 12-də yaydığı məlumata əsasən, Ali Məsləhət Şurasının baş katibi, prezidentliyə sabiq namizəd Rezayi bildirib ki, İnsan Hüquqlarını Müdafiə üzrə Hüquqşünaslar Assosiasiyasının rəhbəri Əhmədlu görüşdükləri zaman ona həbsxanada olan müxalifətçilərin bəziləri ilə "əxlaqsız davranışlar" barədə məruzə təqdim edib. Rezayi bu görüşdə bəyan edib ki, məruzədə qeyd olunanlar sübut olunarsa, həbsxanalarda məsul vəzifəli şəxslər işdən uzaqlaşdırılmalı və məsuliyyətə cəlb olunmalıdırlar.

Bundan əvvəl, avqustun 10-da prezidentliyə sabiq namizəd və Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi Ali Məsləhət Şurasının rəhbəri Haşimi Rəfsəncaniyə məktub yazaraq bildirmişdi ki, mötəbər mənbələrdən aldığı məlumata əsasən, aksiyalarda həbs olunmuş gənc qız və oğlanlara qarşı cinsi təcavüz olunub.

İran parlamentinin spikeri Əli Laricani çərşənbə günü verdiyi bəyanatda Kərrubinin iddialarını təkzib edib və bu barədə yayılan xəbərlərin doğru olmadığını bildirib.

İranın Ədliyyə Nazirliyinin mətbuat katibi Əli Rza Cəmşidi iyunun 12-dən başlayaraq prezident seçkilərinə etiraz aksiyalarında iştirak edən müxalifətçilərdən 4000 nəfərin həbs olunduğu, 3700 məhbusun azadlığa buraxılması barədə məlumat verib, qalan məhbuslarla bağlı işlərin isə məhkəməyə verildiyini bildirib.

İranda iyunun 12-də keçirilən prezident seçkilərindən sonra Tehranda kütləvi etiraz aksiyaları başlayıb. İran hökumətinin rəsmi məlumatına əsasən, 30 nəfər zorakılığın qurbanı olub, yüzlərlə insan yaralanıb. İslahatçı namizədlər Mehdi Kərrubi və Mir Hüseyn Musəvi hesab edirlər ki, Mahmud Əhmədinejadın prezident seçkilərindəki qələbəsi "saxtakarlıq" nəticəsində qazanılıb. Onlar seçkilərin yenidən keçirilməsini tələb edirlər.

Xəbər lenti

Xəbər lenti