...

Sergey Mixalkov vəfat edib (ƏLAVƏ)

Cəmiyyət Materials 27 Avqust 2009 18:49 (UTC +04:00)
Məşhur uşaq şairi, Sovet və Rusiya himninin müəllifi Sergey Mixalkov ömrünün 97-ci ilində vəfat edib.
Sergey Mixalkov vəfat edib (ƏLAVƏ)

Məşhur uşaq şairi, Sovet və Rusiya himninin müəllifi Sergey Mixalkov ömrünün 97-ci ilində vəfat edib.

Sergey Mixalkov - rus uşaq ədəbiyyatının klassiki, şair, təmsilçi, dramaturq, ictimai xadim, iki himnin - Sovet İttifaqı və Rusiya Federasiyası himninin müəllifi olub.

Mixalkov 1913-cü il mart ayının 13-də (28 fevral) Moskvada anadan olub. 1927-ci ildə ailəsi Pyatiqorsk şəhərinin Stavropol rayonuna, sonralar isə Georgievskiyə köçüb. 1930-cu ildə Mixalkov məktəbi bitirərərək Moskvaya gəlib.

O, ədəbi fəaliyyətinə 1928-ci ildə "Na padyome" ("Yoxuşda") jurnalında "Yol" şeirinin nəşr edilməsi ilə başlayıb. Mixalkov 1933-cü ildə Moskva yazıçılarının qrup komitəsinə üzv olub. "Oqonyok", "Pioner", "Projektor" jurnallarında, "Komsomolskaya pravda", "İzvestiya", "Veçernaya Moskva" və "Pravda" qəzetlərində yazıları dərc edilib.

1935-ci ildə Mixalkovun məşhur "Styopa dayı" poeması nəşr olunub.

1937-ci ildə Sergey Mixalkov SSRİ Yazıçılar İttifaqına daxil olur və A.M.Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olur.

1939-cu ilin payızında Mixalkov orduya çağırılır. Böyük Vətən müharibəsi illərində o, "Vo slavu Rodinu", "Stalinski Sokol" qəzetlərində hərbi müxbir işləyib, elə həmin vaxtda da "Front rəfiqələri" kinofilminin ssenarisini yazıb.

1962-ci ildə "Fitil" ümumittifaq satirik jurnalını yaradıb və ona rəhbərlik edib.

1943-cü ildə Sergey Mixalkov hərbi jurnalist ər-Registanla (Qabriel Arkadeviç Ureklyan) birgə ilk dəfə 1944-cü ilin yeni il gecəsində səsləndirilən SSRİ-nin dövlət himninin sözlərini yazıb. 1977-ci ildə Mixalkov SSRİ-nin dövlət himninin ikinci nəşrini yaradıb.

1993-cü ildə RF hökumətinin qurulması ilə yazıçı Sergey Mixalkov Rusiya Federasiyasının himninin yaradılması üzrə sədr kimi komissiyanın tərkibinə daxil olub. 2001-ci ildə o, üçüncü dəfə dövlət himninin müəllifi olub.

Sergey Mixalkov "Xüsusi tapşırıq" (1945), "Qırmızı qalstuk" (1946), "Evə getmək istəyirəm" (1949), "Sombrero" (1957) pyeslərinin, təmsillərin, "Krallar hər şeyi bacarır" (1983), "Qələm nə yazırsa..." (1984) və digər satirik komediyaların müəllifidir. Eləcə də "Böyük kosmik səyahət", (Valentin Selivianovun həmmüəllifi olduğu "İlk üçlük və ya 2001-ci il" pyesi əsasında), "İki üstəgəl üç" (Mixalkovun "Dikari" pyesi əsasında çəkilib) bədii filmlərinin və "Çəkməli pişiyin yeni sərgüzəştləri" (1958) cizgi filminin ssenarisini yazıb.

Sergey Mixalkov təkcə yaradıcı işlə məşğul olmurdu, o həm də vaxtının çox hissəsini ictimai fəaliyyətə sərf edirdi. Mixalkov Moskva Yazıçılar Təşkilatına başçılıq edib (1965-1970), RSFSR-in Yazıçılar İttifaqının sədri olub (1970-1992). Yazıçılar İttifaqı Cəmiyyətinin icraiyyə komitəsinin sədri (1992-1999), Beynəlxalq Yazıçılar İttifaqı cəmiyyətinin icraiyyə komitəsinin fəxri sədri olub (1999-2000).

Sergey Mixalkov Sosialist Əməyi Qəhrəmanı (1973), Dövlət mükafatı laureatı (1941, 1942, 1950, 1978) kimi fəxri adlar alıb. Lenin mükafatına layiq görülüb (1970). İki döyüş ordeni ilə, altı medalla və dörd Lenin ordeni ilə (1939, 1963, 1973, 1983), Oktyabr İnqilabı ordeni ilə (1971), I Vətən müharibəsi ordeni ilə (1985), Qırmızı Əmək Bayrağı Ordeni ilə (1967, 1988), Xalqlar dostluğu ordeni ilə (1993), Şərəf ordeni ilə (1998), Müqəddəs Sergey Radonejski ordeni ilə (1993), Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə (2008) və sosialist ölkələrin medalları ilə təltif olunub.

Xəbər lenti

Xəbər lenti