...

Azərbaycanda məhkumların cəmiyyətə adaptasiyası: reallıq və problemlər

Cəmiyyət Materials 2 Oktyabr 2009 11:22 (UTC +04:00)
Ötən il həbsdən azad olunacaq 80 nəfər bu kurslarda müxtəlif peşələrə cəlb olunub. Onlardan hər biri 20 nəfər olmaqla tornaçı, elektrik avadanlıqları üzrə elektrik mantyoru, avtomobil təmiri üzrə çilingər, elektrik qaz qaynaqçısı peşələrinə yiyələniblər. 2009-cu ilin birinci yarımilində isə həbsdən azad olunacaq 124 nəfər peşəyə cəlb olub. Onlardan 26 nəfəri kompyuter istifadəçisi, 16-sı dərzi, 12-si bərbər, 20-si elektrik qaz qaynaqçısı, 20-si avtomobil təmiri üzrə çilingər, 15-i elektrik avadanlıqları üzrə elektrik mantyoru, 15-i dülgər-xarrat peşələrinə sahib olublar.
Azərbaycanda məhkumların cəmiyyətə adaptasiyası: reallıq və problemlər

Azərbaycan, Bakı, 2 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda ötən il 4600-dən artıq, bu ilin 6 ayında isə 3200-dən çox məhkum cəzaçəkmə müəssisələrindən azad edilib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Trend -a bildirilib ki, bu ilin 6 ayında azadlığa çıxan məhkumların sayının çox olması amnistiyanın tətbiqi ilə bağlıdır. Bu il amnistiya nəticəsində azadlıqdan məhrumetmə növündə cəza çəkən 2030 məhkum azad olunub.
"Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanunla həmin şəxslərin qeydiyyata alınması, sosial adaptasiya mərkəzləri yaradılması, daimi yaşayış sahəsi olmayan şəxslərin müvəqqəti yaşayış yeri ilə, şəxsiyyətini təsdiqləyən və digər lazımi sənədlərlə təmin edilməsi, ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilməsi, bir sözlə cəmiyyətə adaptasiyası ilə bağlı zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.

Əslində isə reallıq başqadır. Həbsdən azad olunmuş şəxslərin (xüsusən də qadın və uşaqların) cəmiyyətə adaptasiyasında ciddi problemlər olduğundan, onlar təkrarən cinayət törədərək "içəri" qayıdırlar. Lakin hər birimiz onların törətdikləri cinayətə görə cəzalarını çəkdiklərini və bizimlə eyni hüquq və vəzifələrə malik olduqlarını bilmirik, ya da qəbul etmək istəmirik.

Hüquq müdafiəçisi Kamil Səlimov Trend -a deyib ki, problemə laqeyd münasibət nəticəsində cəzaçəkmə müəssisələrini tərk edən məhkumlar cinayətkar dəstələrə üzv olaraq cinayətkar fəaliyyətlərini davam etdirirlər və ya özləri üçün sığınacaq yeri olan cəzaçəkmə müəssisələrinə qayıtmaq üçün qəsdən cinayət törədirlər.

"Tədqiqatlarımıza görə, bu cür şəxslər tərəfindən təkrar və residiv cinayətlərin törədilməsi 20-30 faiz təşkil edir", - deyə Səlimov bildirib.
Mövzu ilə əlaqədar söhbət etdiyimiz ekspertlər deyirlər ki, həbsdən azad olunmuş şəxslərin əsas problemləri yaşayış yeri və işlə təminatla bağlıdır.
Onlar bildirirlər ki, keçmiş məhkum əksər vaxtlarda qeydiyyatda olduğu evə qayıda bilmir. Həmin ev ailə üzvləri tərəfindən başqasına satılır.
"Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanuna və "Yaşayış yeri və olduğu yer haqqında" qanunun 8-ci maddəsinin 3-cü bəndinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 12 iyul 2000-ci il tarixli qərarına görə, əgər keçmiş məhbusun həbs olunana qədər qeydiyyatı olmayıbsa, yaxud o, hər hansı səbəbdən qeydiyyatını itiribsə, sonuncu dəfə hansı ərazi polis bölməsində qeydiyyatda olubsa, ora müraciət etməlidir. Vətəndaş - keçmiş məhbus həmin polis şöbəsinin inzibati binasına qeydiyyata alınmalı və şəxsiyyət vəsiqəsi ilə təmin edilməlidir.

Həbsdən azad edilmiş Azərbaycan vətəndaşları və Azərbaycanda daimi yaşayan və vətəndaşlığı olmayan şəxslər, əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməyiblərsə, müraciət etdikləri vaxtdan üç gün ərzində müvafiq icra hakimiyyəti orqanı onları qeydiyyata almalıdır. Qanunda həmçinin istisna hal kimi göstərilir ki, cəza çəkməkdən azad edilən şəxslər əvvəllər qeydiyyatda olduqları əraziyə qeydiyyata alınmaq istəyirlərsə, ailə üzvlərinin razılığı heç də tələb olunmur.

Hüquqşünas, hüquq müdafiəçisi Əlövsət Əliyev deyir ki, şəxs həbs yerlərində olarkən qeydiyyatda olduqları ünvanlardan çıxarılır və olduqları müəssisələrdə qeydiyyata alınırlar. Bunu anormal hal kimi qəbul edən Əliyevin sözlərinə görə, bu hal digər ailə üzvlərinin həmin şəxsin əmlak payı üzərində öz maraqlarına uyğun sərəncam verməsi ilə nəticələnir. Xüsusən ailəli adamlarda boşanma zamanı belə problemlər yaranır və şəxs həbsdən azad olandan sonra evsiz-eşiksiz qalır. Hüquqşünasın fikrincə, həbsdə olan şəxsin razılığı olmadan ailə üzvlərinin onun əmlak payı üzərində sərəncam vermək hüquqları məhdudlaşdırılmalıdır.

Əliyev deyir ki, əcnəbilərə və vətəndaşlığı olmayanlara münasibətdə vəziyyət daha dözülməzdi. "Hər il azadlığa çıxan 8-10 əcnəbi məhbus öz ölkəsinə qayıtmaq üçün bizə müraciət edir. Çox vaxt onların şəxsiyyətini təsdiq edən sənədləri, öz ölkələrinə getmək üçün pulu olmur, ya da vətəndaşı olduğu dövlətin burda səfirliyi olmur. Ona görə də bəzi hallarda təkrar cinayət törədib yenidən "içəri" düşürlər. Belə şəxslərin öz ölkəsinə verilmə məsələsi onlar hələ həbsdə olarkən həll olunmalıdır. Onlar dövlət hesabına öz ölkələrinə göndərilməlidirlər", - deyə hüquq müdafiəçisi bildirib.
Əliyevin fikrincə, müvafiq qurumlar həbsdən azad olunmuş şəxslərin cəmiyyətə inteqrasiyasını təmin etməlidirlər. "Bəzi dövlət orqanları keçmiş məhkumlardan qurban kimi də istifadə edir. Və yaxud bir dəfə məhkum adını alan kəsləri şübhəli yanaşmalarla müəyyən çətinliklərlə üzbəüz qoyurlar. Məsələn, keçmiş məhbusun yaşadığı sahədə cinayət işi baş verən zaman ilkin şübhələr həmin məhbusa yönəlir", - deyə hüquqşünas bildirib.
Məhbus qadınların vəziyyəti isə daha dözülməzdi. Onların əksəriyyəti törətdiyi cinayətə görə ailələrində qəbul edilmirlər. Xüsusən də adam öldürmə, narkotik maddələrin satışı, yaxud insan alveri ilə bağlı həbsə düşən qadınlar sonradan yaxınları, ailəsi tərəfindən birmənalı şəkildə rədd edilir.
Ekspertlər deyirlər ki, məhkumluqdan azad olunmuş qadınlar qarşısında yaranan problemlər onların ikinci, üçüncü və hətta dəfələrlə həbsxanaya qayıtmasına səbəb olur. Onların üzləşdiyi əsas problem isə evlə bağlı olur.

Qadın həbsdə olarkən evi satılır, bu zaman isə qeydiyyatda olan qadının istəyi, razılığı nəzərə alınmır. Ya qohumları məhbus qadını aldadır, hər hansı formada evin satılmasının razılığını alırlar. Yaxud da ev məhkum şəxsin ümumiyyətlə razılığı olmadan, qeyri-qanuni satılır. Hər iki halda onlar tamamilə qeydiyyatsız qalırlar. Ekspertlər deyirlər ki, keçmiş məhbuslar kiməsə möhtac olmamalı, işləyib özlərini saxlamalıdırlar ki, cəmiyyət onların islah olunduğuna inansın və qəbul etsin.
Məhkumların şəxsiyyət vəsiqələri almaq və qeydiyyata düşməklə bağlı ciddi problemlərinin olduğu vurğulansa da, Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat İdarəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat şöbəsinin müdiri Sima Səfərova hazırda keçmiş məhbusların heç birinin belə bir problemlə qarşılaşmadığını deyir.

Səfərova Trend -a bildirib ki, həbs yerindən çıxan şəxsə olduğu müəssisə rəhbərliyi tərəfindən arayış verilir. Həmin arayışla o, ərazi polis şöbəsinə müraciət edir və qeydiyyata alınır. Səfərova bildirir ki, hər kəs - istər keçmiş məhbus olsun, istərsə də adi vətəndaş - yaşadığı ərazinin polis şöbəsinə müraciət edərək şəxsiyyət vəsiqəsi problemini həll edə bilər. Həbsdən azad olunmuş şəxs həm də xüsusi qeydiyyata da alınır.
Ədliyyə naziri yanında İctimai Komitənin kordinatoru, hüquq müdafiəçisi Sahib Məmmədov isə Trend -a deyib ki, keçmiş məhkumların üzləşdiyi problemlərdən biri də onların işlə təmin olunmamasıdır. Onun sözlərinə görə, məhkumun iş tapmaması onun əvvəlki peşə üzrə vərdişlərinin yaddan çıxarması, cinayətkar keçmişi və ölkədəki işsizliklə əlaqədardır.

Məmmədov deyir ki, keçmiş məhkumların işlə təminatı demək olar ki, həyata keçirilmir. Onun sözlərinə görə, cinayət törədən bir məhbusu özəl və dövlət sektorunda işə götürmürlər.

"Ancaq unutmaq lazım deyil ki, bütün hallarda azadlığa çıxanlar eyni hüquqlu olur. Bu balansı qorumaq da cəmiyyətin üzərinə düşür. Belə şəxslərin cəmiyyətə adaptasiyası, dövlətdən çox, cəmiyyətin problemidir. Biz təklif etmişik ki, bu məsələ məhkum azadlığa çıxana qədər həll olsun. Cəzaçəkmə müəssisələrində qısa müddətli peşə təhsili tətbiq olunsun. Orada məhkum hazırlansın və hara gedəcəyini əvvəlcədən bilsin", - deyə hüquq müdafiəçisi bildirib. Məmmədov keçmiş məhkumların şəxsiyyət vəsiqəsi ilə bağlı probleminin olduğunu və bu problemin onların pensiya təminatı zamanı daha da ciddiləşdiyini deyir. O qeyd edir ki, müvafiq qurumlar bu məsələyə səhlənkar yanaşır.

Penitensiar Xidmətin məhkumların sosial müdafiəsi bölməsinin rəis əvəzi Ceyhun Əzizov Trend -a bildirib ki, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanunun tələblərinə görə, cəza müddəti bitdikdən sonra məhkumun işlə təmin olunması, qeydiyyata alınması üçün yaşadıqları ərazinin polis idarəsi, icra hakimiyyəti, məşğulluq mərkəzinə müraciət edilir. Məhkumlar azadlığa buraxılmazdan 3 ay əvvəl həmin idarələrə məlumat verilir.

Xidmətdən bildirilib ki, amnistiya aktı ilə məhkumlar kütləvi şəkildə həbsdən azad olunduqları üçün onların işlə təminatı və cəmiyyətə adaptasiyasında problemlər yaranır. Belə ki, həmin məhkumların adaptasiyasına hazırlıq prosesi başlamamış olur, bu şəxslər barədə müvafiq qurumlarla iş aparılmır.
PX rəsmisinin sözlərinə görə, məhkumların reablitasiyası bütün azadlıqdan məhrumetmə müddəti aparılır və xüsusən azadlığa buraxılma ərəfəsində daha da gücləndirilir. Azadlığa buraxılmış şəxslərin reablitasiyası onların cəzaçəkmə müddəti və buraxılma ərəfəsində azadlıqda olan qohumları ilə əlaqəsinin sıxlaşdırılmasından, hüquqi, psixoloji, mənəvi cəhətdən azad həyata hazırlanmasından cox asılıdır.

Əzizov qeyd edib ki, məhkumların reablitasiyasına kömək etmək məqsədilə Cəzaların İcrası Məcəlləsinə edilən son dəyişiklikdən sonra telefon danışıqlarının müddəti 15 dəqiqəyədək artırılıb, məhkumlara həftədə bir dəfə telefon danışığına icazə verilib.
Həmçinin, cəzaçəkmə müəssisələrində məhkumların asudə vaxtlarının səmərəli təşkili üçün yeni idman qurğuları, kitabxanalar istifadəyə verilib, müxtəlif peşə və ümumtəhsil məktəbləri inkişaf etdirilib. Məhkumların dini etiqad azadlığının həyata keçirilməsi üçün bütün müəssisələrdə lazımi şərait yaradılıb. Cəzaçəkmə müəssisələrində kompyuter otaqları təşkil olunub, bu sahədə kurslar açılıb.
Əzizovun sözlərinə görə, cəza çəkməkdən azad edilmiş şəxslərlə işi təşkil etmək məqsədilə RX-də məhkumların sosial müdafiəsi bölməsi yaradılıb. Qurumun əsas vəzifəsi sosial adaptasiyaya ehtiyacı olan məhkumları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə azadlığa və sosial adaptasiyaya hazırlamaqdır.

Məhkumların peşə və ixtisaslara yiyənmələri üçün müəssisələrdə kurslar və peşə məktəbləri açılıb. "Hazırda müəssisələrdə 8 peşə məktəbi, 4 peşə qrupu 15 ixtisas üzrə fəaliyyət göstərir. 2007-2008-ci illərdə həmin tədris müəssisələrində 839 məhkum peşə təhsili alıb və müxtəlif peşələrə yiyələniblər. 2008-2009-cu tədris ilində 1035 məhkum peşə təhsilinə cəlb edilib. Müəssisələrdə 1009 məhkum faydalı əməyə cəlb olunub. 2007-ci ildə bu göstərici 1518, 2008-də 2527 olub", -deyə rəis əvəzi bildirib.

Rəis əvəzi deyir ki, cəza cəkməkdən azad edilmiş şəxslərin siyahısı cəza müddətinin başa çatmasına 3 ay qalmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Onun sözlərinə görə, cəza çəkən və pensiya almayan kişi məhkumlardan 62 yaşı, qadın məhkumlardan 57 yaşı tamam olanların siyahısı hazırlanır və pensiya almayan məhkumların pensiya təminatı hüququnun bərpa edilməsi üçün Nazirliyə və Sosial Müdafiə Fonduna müraciət olunur.

Əzizov deyir ki, 2009-cu il üçün həbsdən azad ediləcək şəxslərin müəyyən edilib qeydiyyata alınması və onlara müvafiq komək göstərilməsi təmin edilib. PX rəsmisi deyir ki, 2005-2008-də həbs yerlərindən azad edilmiş 875 nəfər işlə təmin olunmaq üçün müraciət edib və onlardan 283-ü (32,3 faiz) işlə təmin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov Trend -a bildirib ki, ötən il cəzaçəkmə yerlərindən azad olunmuş məhkumlardan 196 nəfər məşğulluq xidməti orqanlarına müraciət edib və onlardan 53-ü işlə təmin olunub, 4 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub, 1 nəfərə işsiz statusu verilib.
2009-cu ilin 6 ayında isə 100 nəfər azad olunmuş çəxs işlə təmin olunmaq üçün müraciət edib, 34 nəfər işlə təmin olunub, 1 nəfər isə işsizlik statusu alıb.

Xələfov deyir ki, İdarə cəzaçəkmə müəssisələrində PX ilə birgə həyata keçirilən layihə əsasında həbsdən azad olunacaq şəxslər üçün kurslar da təşkil edilib.
Ötən il həbsdən azad olunacaq 80 nəfər bu kurslarda müxtəlif peşələrə cəlb olunub. Onlardan hər biri 20 nəfər olmaqla tornaçı, elektrik avadanlıqları üzrə elektrik mantyoru, avtomobil təmiri üzrə çilingər, elektrik qaz qaynaqçısı peşələrinə yiyələniblər.
2009-cu ilin birinci yarımilində isə həbsdən azad olunacaq 124 nəfər peşəyə cəlb olub. Onlardan 26 nəfəri kompyuter istifadəçisi, 16-sı dərzi, 12-si bərbər, 20-si elektrik qaz qaynaqçısı, 20-si avtomobil təmiri üzrə çilingər, 15-i elektrik avadanlıqları üzrə elektrik mantyoru, 15-i dülgər-xarrat peşələrinə sahib olublar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli Trend -a bildirib ki, həbsdən çıxanlara birdəfəlik 300 manat məbləğində müavinət verilməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, indiyədək heç bir şəxsə müavinət verilməyib. Kələntərli deyib ki, noyabrdan başlayaraq keçmiş məhkumların sənədləri qəbul olunacaq və yekunda neçə belə şəxsə müavinət verilməsi müəyyənləşəcək.
Nazirlik rəsmisinin sözlərinə görə, işlə təmin olunmaq üçün məşğulluq mərkəzlərinə müraciət edən keçmiş məhkumlar ya işlə təmin olunurlar, ya da ixtisas artırma kurslarına cəlb olunurlar. O bildirib ki, gələcəkdə cəzaçəkmə müəssisələrində əmək bazarının tələbatına uyğun ixtisas kurslarının açılması nəzərdə tutulub.

"Hazırda əmək bazarının monitorinqi aparılır və bunun nəticəsində tələbat olan ixtisas və peşələr müəyyənləşdiriləcək. Həmin ixtisas və peşələrə yiyələnmiş məhkumların azadlığa çıxandan sonra işlə təminatı da asanlaşacaq", - deyə Kələntərli vurğulayıb.
Kələntərli həbsdən azad olunmuş məhkumların adaptasiyası məqsədilə Adaptasiya Mərkəzinin tikiləcəyini deyib. Onun sözlərinə görə, artıq layihə hazırdır. Nazirlər Kabineti layihə üçün büdcə ayırandan sonra mərkəzin tikintisinə başlanacaq. Belə mərkəz ilk olaraq Bakıda tikiləcək, sonrakı illərdə isə digər regionlarda da inşa olunacaq. Mərkəzdə həbsdən azad olunmuş məhkumların cəmiyyətə adaptasiyası üçün bütün şərait yaradılacaq və onlar cəmiyyətə uyğunlaşması prosesi aparılacaq.


Xəbər lenti

Xəbər lenti