...

Gənc peşəkar kadrların bilik və bacarıqları sayəsində Azərbaycanda çox sayda layihələr həyata keçirilir - ölkənin birinci xanımı Mehriban Əliyeva (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 3 Dekabr 2009 17:15 (UTC +04:00)
VI Beynəlxalq Elm Olimpiadasının açılış mərasimi cümə axşamı Bakıda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təbrik məktubu ilə başlayıb.
Gənc peşəkar kadrların bilik və bacarıqları sayəsində Azərbaycanda çox sayda layihələr həyata keçirilir - ölkənin birinci xanımı Mehriban Əliyeva (ƏLAVƏ OLUNUB)

RED. əlav: ikinci, üçüncü və dördüncü abzaslar əlavə olunub

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir M.Əliyev/

VI Beynəlxalq Elm Olimpiadasının açılış mərasimi cümə axşamı Bakıda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təbrik məktubu ilə başlayıb.

"Artıq uzun illərdir ki, müstəqil Azərbaycan mədəniyyət, elm və idman sahələri üzrə beynəlxalq müsabiqələrin və yarışların keçirildiyi bir mərkəzə çevrilib. Bu baxımdan yeniyetmələr arasında VI Beynəlxalq Elm Olimpiadasının da Azərbaycanda keçirilməsi təsadüfi deyil. Ölkəmizdə Uşaq İlinin bu cür genişmiqyaslı tədbirlə yekunlaşması olduqca fərəhli hadisədir", - Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun oxuduğu təbrik məktubunda deyilir.

"Bizim üçün ən vacib meyarlardan biri uşaqların və yeniyetmələrin sağlamlığı, onların təhsili və layiqli vətəndaş kimi formalaşmasıdır. Elm və təhsil gələcək tərəqqinin ən mühüm amili kimi dövlət qayğısı ilə əhatə edilib. Bu gün peşəkar milli kadrlarımızın bilik və bacarıqları sayəsində ölkəmizdə uğurlu islahatlar həyata keçirilir, beynəlxalq miqyaslı yerli və regioanal layihələr reallaşdırılır. Gələcəkdə görəcəyimiz işlər də məhz bugünkü yeniyetmə və gənclərimizin əldə edə biləcəyi bilik, bacarıq və təcrübə sayəsində mümükün olacaq", - müraciətdə deyilir.

"Yeniyetməlik dövrü hər bir insanın həyatında olduqca məsuliyyətli bir dövrdür. Bu dövrdə insanda elmə olan maraq daha da artır, gələcək inkişaf və fəaliyyət yolları müəyyən edilir. Bu baxımdan Beynəlxalq Elm Olimpiadasında iştirakınız və əldə edəcəyiniz qələbələr uzun müddət yaddaşlarınızda qalacaq", - Mehriban xanım Əliyeva qeyd edir.

Açılış mərasimində çıxış edən Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev deyib ki, biologiya, kimya və fizika kimi fənlər hər bir ölkənin elminin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir. "Hazırda Azərbaycan ciddi dəyişikliklər yolundadır. Bu olimpiada yeniyetmələr üçün geniş imkanlar açır, yeni əlaqələr yaratmağa imkan verir", - o deyib.

Paşayevin sözlərinə görə, olimpiadanın Təşkilat Komitəsinin rəhbərliyi, 30 nəfər azərbaycanlı alim 500-dək tapşırığın hazırlanması üzərində işləyib. Bu tapşırıqlar 60-dan yuxarı görüşdə müzakirə edilib. "Əsas olan qələbə deyil, iştirak etmək və həmçinin yeni dostlar qazanmaq, bilik əldə etməkdir", - o deyib.

Azərbaycanın təhsil naziri Misir Mərdanovun sözlərinə görə, qaliblər ali məktəblərə müsabiqədənkənar qəbul olunacaqlar. "Biz bu olimpiadadan böyük nəticələr gözləyirik", - deyə o əlavə edib.

Beynəlxalq Elm Olimpiadasının prezidenti Masna Qinqtinqin sözlərinə görə, İndoneziyada bu yarışın qalibləri ölkə ali məktəblərində bütün tədris dövrü ərzində təqaüdlə təmin edilirlər və bu təcrübə Azərbaycanda da tətbiq edilə bilər.

2-11 dekabr tarixlərində Bakıda keçiriləcək olimpiadada 15 yaşlı məktəblilər arasında fizika, kimya və biologiya üzrə 49 ölkədən 600 yeniyetmə və onların müəlimləri iştirak edəcəklər. Elm yarışması ingilis dilində keçiriləcək. Olimpiada 2004-2005-ci illərdə İndoneziyada, 2006-cı ildə Braziliyada, 2007-ci ildə Tayvanda, 2008-ci ildə isə Koreyada keçirilib.

Xəbər lenti

Xəbər lenti