Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir K.Zərbalıyeva/
Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 3 qərarını açıqlayıb.
Hüquq Maarifçiliyi Cəmiyyətindən Trend -a verilən məlumata görə, qərarlar Nail Hümbətov, Yadigar Mirzəyev və Mirəziz Seyidzadənin işi ilə bağlıdır.
Hümbətov 1992-ci ildə yaradılan "Nail Ticarət Şirkəti"nin rəhbəri olub.
Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə Şirkətə Bakı şəhərindəki torpaq ərazisində sağlamlıq mərkəzinin tikintisi və fəaliyyəti hüququ verilib. Şirkət tikinti üçün bütün icazə sənədlərini alıb və müvafiq ödənişləri həyata keçirib. Bununla belə, Şirkət hər hansı tikinti işlərinə başlamayıb. 1998-ci ildə ərazi "Ruslan" adlı digər özəl şirkət tərəfindən zəbt olunub və ərazidə ticarət mərkəzinin tikintisinə başlanılıb. Bakı şəhər İcra Hakimiyyətinə və polisə bir neçə dəfə şikayət məktubu ünvanladıqdan sonra, Şirkət ərazidən istifadə hüququnun qorunması ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə və "Ruslan"a qarşı iddia qaldırıb. İqtisad Məhkəməsi şikayəti rədd edib və bildirib ki, "Ruslan" şirkəti ərazidə əsaslı tikinti işləri aparıb və onu sökmək məqsədəuyğun deyil. Bununla belə, məhkəmə tikintini qanunsuz hesab edib və bildirib ki, tikinti dövlətin xeyrinə müsadirə olunmalıdır.
İqtisad Məhkəməsi 31 may 2001-ci il qərarı ilə şirkətin iddiasını təmin edərək bildirib ki, "Ruslan" şirkətinin apardığı tikintilər sökülməli və Şirkətin ərazidən istifadə hüququ bərpa olunmalıdır. Şirkətin qərarın yerinə yetirilməməsi ilə bağlı şikayətlərinin ardınca İqtisad Məhkəməsi qərarın icra olunmamasında cavabdeh olan şəxslərə qarşı cinayət işinin qaldırılması ilə əlaqədar xüsusi qərardad çıxarıb. Qərardadda bildirilir ki, ərazi boşaldılmalı və Şirkətə verilməlidir. Xətai rayon İcra Hakimiyyətinin rəsmiləri tikintini sökməkdən imtina etdikləri üçün bu qərarı yerinə yetirmək mümkün olmayıb.
İqtisadi İnkişaf Nazirliyi ərazinin üçüncü tərəfə aid olduğu ilə bağlı sənəd tərtib edib. Apelyasiya Məhkəməsi ərazinin hərracda üçüncü tərəfə satıldığını və bu sənədin qanunauyğun olduğunu bildirib və 31 may 2001-ci il qərarı yerinə yetirilməyib.
Bütün bunları nəzərə alaraq, Avropa İnsan Hüquqları Məhkəməsi şikayəti qəbul edilən elan edib və qeyd edib ki, burada Konvensiyanın 6-cı (ədalətli məhkəmə hüququ) maddəsinin 1-ci bəndi və 1 saylı Protokolun 1-ci Maddəsi (mülkiyyət hüququ) pozulub. Məhkəmə bildirib ki, cavabdeh Dövlət Konvensiyanın 44-cü (qəti qərarlar) maddəsinin 2-ci bəndinə uyğun olaraq məhkəmənin 31 may 2001-ci il qərarının icrasını təmin etsin.
Əzizbəyov rayon İcra Hakimiyyətinin 18 yanvar 1994-cü il sərəncamı ilə Mirzəyevə Bakıda yeni tikilən yaşayış binasındakı mənzilə yaşayış orderi verilib. Həmin gün ərizəçi mənzilin Laçın rayonundan məcburi köçkün düşmüş S. və onun ailəsi tərəfindən tutulduğunu bilib. Ərizəçinin bildirdiyinə görə o, bir neçə dəfə S.-dən mənzili tərk etməsini tələb etsə də, S. qaçqın olduğunu və yaşamağa heç bir yerinin olmadığını bildirib. Ərizəçi Suraxanı rayon məhkəməsində S. və onun ailəsinin mənzildən çıxarılması ilə bağlı iddia qaldırıb. Məhkəmə iddianı təmin edib və S. və onun ailəsinin həmin mənzildə qanunsuz olaraq məskunlaşdığı barədə qətnamə çıxarıb. Tərəflər ondan şikayət verməyiblər və o, 23 dekabr 2003-cü ildə qanuni qüvvəyə minib.
Suraxanı rayon İcra Hakimiyyətinə S. və onun ailəsini başqa yaşayış mənzili ilə təmin etməsi həvalə edilib. Bununla belə, Ədliyyə Nazirliyindən bildiriblər ki, qətnamənin icrası mümkün deyil, çünki S. və onun ailəsi üçün heç bir yaşayış mənzili tapılmayıb. Belə olan halda, məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən çıxarılması qadağandır. Ərizəçinin dəfələrlə şikayət etməsinə baxmayaraq, məhkəmə qətnaməsini icra etmək mümkün olmayıb.
Avropa İnsan Hüquqları Məhkəməsi şikayəti qəbul edilən elan edib və qeyd edib ki, burada Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin 1-ci bəndi və 1 saylı Protokolun 1-ci Maddəsi (mülkiyyət hüququ) pozulub. Məhkəmə bəyan edib ki, cavabdeh məhkəmənin 23 dekabr 2003-cü il qərarının icrasını təmin etsin.
Seyidzadə Qafqaz Müsəlmanlar İdarəsinin təhsil şöbəsinin rəhbəri, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü və Bakı İslam Universitetinin Sumqayıt filialının rəhbəri olub. O, həmçinin "Kəlam" jurnalının təsisçisi və baş redaktoru olub.
Ərizəçi 6 noyabr 2005-ci il Milli Məclisə keçirilən seçkilərdə namizəd kimi 71 saylı Masallı kənd Seçki Məntəqəsi üzrə qeydiyyata alınması üçün Dairə Seçki Komissiyasına ərizə ilə müraciət edib. Ərizə ilə yanaşı, o, parlament üzvü vəzifəsinə zidd hər hansı fəaliyyəti dayandırdığı ilə bağlı yazılı öhdəlik də təqdim edib. Həmin sənədlərə əsasən, ərizəçinin Qazilər Şurasının üzvlüyünə xitam verilib. Qafqaz Müsəlmanlar Şurası verdiyi sərəncama əsasən, Seyidzadə Şuranın təhsil şöbəsinin müdiri və Bakı İslam Universitetinin Sumqayıt filialının rəhbəri vəzifəsindən azad olunub.
Dairə Seçki Komissiyası ərizəçini namizəd kimi qeydiyyata almaqdan imtina edib və səbəb kimi onu göstərib ki, o, Seçki Məcəlləsinin müvafiq tələblərinə zidd olaraq peşəkar din xadimi kimi fəaliyyətini davam etdirib.
Ərizəçi bu qərarla bağlı Mərkəzi Seçki Komissiyasına şikayət ünvanlayıb, lakin MSK bu şikayəti ləğv edib. Bundan sonra Ərizəçi Apelyasiya Məhkəməsinə müraciət edib. Apelyasiya Məhkəməsi müraciəti rədd edib. Ərizəçi Ali Məhkəmənin Sədrinə kassasiya şikayəti ünvanlasa da, onun bu şikayəti də rədd edilib.
Bu əsaslara görə Avropa İnsan Hüquqları Məhkəməsi Konvensiyanın 1 saylı Protokolunun 3-cü Maddəsi (azad seçki hüququ) üzrə şikayəti təmin edib, qalan şikayətləri rədd edib; Məhkəmə həmçinin Konvensiyanın 14-cü (ayrıseçkiliyin qadağan olunması) maddəsinin pozuntusu ilə bağlı şikayəti araşdırmağı ehtiyac bilməyib. Məhkəmə bildirib ki, cavabdeh Dövlət Konvensiyanın 44-cü (qəti qərarlar) maddəsinin 2-ci bəndinə uyğun olaraq dəymiş mənəvi zərərin əvəzi olaraq 7500 avro (yeddi min beş yüz avro), ərizəçiyə hüququ yardım üçün verilən 1000 avronu (min avro) ödəməlidir. Hüquqi yardım kimi 850 avro (səkkiz yüz əlli avro) Avropa Məhkəməsi tərəfindən ödənilib.
Avropa Məhkəməsində bundan əvvəl Azərbaycana qarşı 18 qərar qəbul edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]