...

Azərbaycan jurnalistikasının veteranlarından olan Azad Şərif dünyasını dəyişib

Cəmiyyət Materials 24 Dekabr 2009 16:18 (UTC +04:00)
"Azad Şərifov mediamızın ağsaqqallarından biri kimi öz geniş təcrübəsini gənc jurnalistlərə də həvəslə öyrədir, onların yetkin mütəxəssis kimi formalaşması üçün səylərini əsirgəmirdi. Məhz bu baxımdan səmimi insan, görkəmli jurnalist Azad müəllimin yoxluğu hər birimiz üçün böyük itkidir", - bu fikirlər Mətbuat Şurasının qocaman jurnalistin ölümü ilə bağlı berdiyi nekroloqda qeyd edilib.
Azərbaycan jurnalistikasının veteranlarından olan Azad Şərif dünyasını dəyişib

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan jurnalistikasının veteranlarından olan Azad Ağa Kərim oğlu Şərifov (Azad Şərif) bu gün 79 yaşında dünyasını dəyişib.

"Azad Şərifov mediamızın ağsaqqallarından biri kimi öz geniş təcrübəsini gənc jurnalistlərə də həvəslə öyrədir, onların yetkin mütəxəssis kimi formalaşması üçün səylərini əsirgəmirdi. Məhz bu baxımdan səmimi insan, görkəmli jurnalist Azad müəllimin yoxluğu hər birimiz üçün böyük itkidir", - bu fikirlər Mətbuat Şurasının qocaman jurnalistin ölümü ilə bağlı berdiyi nekroloqda qeyd edilib.

İmzası ilə ölkə hüdudlarından da kənarda da tanınan Şərif 7 aprel 1930-cu ildə Bakıda teatr xadimi ailəsində anadan olub. Atası Ağa Kərim Şərifov Şərqdə Cəfər Cabbarlı adına ilk Teatr muzeyinin yaradıcısı idi. Şərif Azərbaycan Dövlət Konservatoriyasını və Bakı Dövlət Universitetinin bitirmişdi.

Onun 19 yaşında ikən "Molodyoj Azerbaydjana" qəzetində alpinistliyə aid oçerkləri digər nəşrlərin də diqqətini cəlb edir. Bir müddət sonra "Pionerskaya pravda"nın Azərbaycan üzrə xüsusi müxbiri təyin edilir. 1956-cı ildə "Molodyoj Azerbaydjana" qəzetində şöbə müdiri, redaktor müavini kimi fəaliyyət göstərir. 1959-cu ildə qəzetin ilk azərbaycanlı redaktoru olur.

Şərifov bir il sonra Moskvaya Ümumittifaq Leninçi Komsomol Gənclər İttifaqına nəşriyyat bölməsinə dəvət olunur. Tezliklə məhşur "Vokruq sveta" jurnalında baş redaktorun müavini vəzifəsini tutur.

Şərifovun bu jurnalda Türkiyəyə aid oçerkləri janrın müasir jurnalistikamız üçün də dolğun nümunələri kimi sayılır. Məhz bu materiallar "İzvestiya" qəzetinin diqqətini cəlb edir. Nəşrin rəhbərliyi onu Türkiyə, İran və Əfqanıstan üzrə xüsusi müxbir vəzifəsinə dəvət edir.

1969-cu ildən Bakıda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsinin müdiri kimi fəaliyyətə başlayan Şərif 1979-cu ildən Dövlət Kinematoqrafiya Komitəsində sədr vəzifəsində çalışır. 1988-ci ildə o, "Azərinform" informasiya agentliyinin (indiki "AzərTAc" Dövlət Teleqraf Agentliyi) baş direktoru vəzifəsinə təyin olunur. Onun müxtəlif illərdə çapdan çıxmış 20-dən artıq kitabı, yüzlərlə elmi məqaləsi oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Xəbər lenti

Xəbər lenti