...

"Media FM" radiokanalını 2010-cu ildə bütün Azərbaycan dinləyəcək

Cəmiyyət Materials 10 Fevral 2010 16:35 (UTC +04:00)
"Media FM" radiokanalı 2010-cu ildə Azərbaycanın bütün ərazisində yayımlanmaq niyyətindədir. Bunu radiokanalın icraçı direktoru Tural Əliyev çərşənbə günü Trend News-a deyib.
"Media FM" radiokanalını 2010-cu ildə bütün Azərbaycan dinləyəcək

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir M.Əliyev/

"Media FM" radiokanalı 2010-cu ildə Azərbaycanın bütün ərazisində yayımlanmaq niyyətindədir. Bunu radiokanalın icraçı direktoru Tural Əliyev çərşənbə günü Trend -a deyib.

Onun sözlərinə görə, yaxın illərdə televiziya kanalının açılmasından danışmaq real olmasa da, "əminliklə demək olar ki, "Media FM" komandası telekanalı idarə etmək qabiliyyətinə malikdir".

Trend -un arayışı: "Media FM" radiostansiyası 2009-cu il fevralın 10-dan 105.5 FM dalğasında fəaliyyətə başlayıb.

"Media FM" radiosunu Milli Televiziya və Radio Şurasının 2008-ci ilin payızında 105.5 MHz tezliyi üzrə elan etdiyi müsabiqənin qalibi olmuş "Digital Media" Məhdud Məsuliyyətli Cəmiyyət təsis edib.

Əliyev yeni verilişlər barədə deyib ki, "Media FM" radiokanalının fərqi təqdim edilən proqramların aktuallığı üzərində daimi nəzarətdən ibarətdir. "Əgər görürüksə, hər hansı bir proqram reytinqini itirir, o zaman onun dəyişdirilməsini müzakirə edirik. Buna görə də radiostansiyanın 1 illik fəaliyyəti ərzində yalnız bir proqram illik staja malikdir, qalanları isə dövri olaraq dəyişdirilir", - icraçı direktor deyib.

Əliyev xəbərlər buraxılışı mövzusuna toxunaraq qeyd edib ki, saat 10:00-dan 18:00-dək hər saatın tamamında xəbərlər verilir, sutka başa çatdıqda isə yarımsaatlıq əsas xəbərlər buraxılışı yaymlanır. "Bizim sosial-siyasi tok şoumuz "Açıq Səsvermə" dinləyicilərin marağına səbəb olur. Veriliş zamanı müxtəlif siyasətçilər hadisələri təhlil edir, dinləyicilərin suallarını cavablandırır, öz aralarında debatda çıxış edirlər", - Əliyev deyib.

İcraçı direktor "Qızbibi" verilişini də ən reytinqli veriliş hesab edir. Bu verilişdə aparıcı Sevda kişilərin özlərini necə aparmalı olduqları barədə danışır.

Əliyev radiostansiyanın kadr siyasəti ilə bağlı deyib ki, lap əvvəldən işə təkcə peşəkarlar cəlb edilib və hazırda əsl peşəkar komanda yaradılıb. Onlar yeni kadrlar hazırlamağa qadirdirlər. "Sonralar ehtiyac yaranarsa özümüz kadr hazırlamaqla ştatımızı genişləndirəcəyik. Təəssüf ki, jurnalistika fakültələri bizə lazım olan kadrları hazırlamır", - Əliyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti