...

Azərbaycan Parisdə beynəlxalq kitab sərgisində təmsil olunacaq

Cəmiyyət Materials 19 Mart 2010 15:10 (UTC +04:00)
Azərbaycan 26-31 mart tarixlərində Parisdə beynəlxalq kitab sərgisində təmsil olunacaq. Trend News-a bu barədə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Azərbaycan Parisdə beynəlxalq kitab sərgisində təmsil olunacaq

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir M. Əliyev/

Azərbaycan 26-31 mart tarixlərində Parisdə beynəlxalq kitab sərgisində təmsil olunacaq. Trend -a bu barədə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Sərginin Azərbaycana aid stendində ölkəmizdə işıq üzü görmüş 200-ə qədər kitab, jurnal, turizmə aid bələdçi kitablar və s. çap məhsulları nümayiş etdiriləcək. 1200-ə yaxın nəşriyyat evinin təmsil olunacağı sərgidə Fransanın bütün regionları ilə yanaşı, 30-dan artıq xarici ölkə nəşriyyatları da iştirak edəcək.

Dünya naşirlərinin ən mötəbər kitab forumlarından biri olan sərgi-yarmarka bu il özünün 30 illik yubiley açılışını gerçəkləşdirəcəkdir. Bu münasibətlə sərgiyə xüsusi olaraq "30 illik pavilion" (pavillon 30 ans) adı altında "Fəxri qonaq" qismində 30 fransız və 30 xarici ədəbiyyat nümayəndəsi dəvət olunub. Sərgi çərçivəsində təmsil olunacaq iştirakçılar öz milli musiqi və mətbəxlərini də nümayiş etdirəcəklər. Azərbaycan Respublikası, öz növbəsində, YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilən Novruz Bayramının atributları olan bayram şirniyyatlarını, həmçinin, milli kulinariya nümunələrini sərgi iştirakçılarına təqdim edəcək.

Novruz Bayramının YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi və 2010-cu ilin YUNESKO tərəfindən Mədəniyyətlərin Yaxınlaşması İli elan olunması ilə əlaqədar TÜRKSOY-a üzv-dövlətlərin elmi-yaradıcı nümayəndə heyətlərinin iştirakı ilə mart ayının 29-da YUNESKO-nun Baş Qərargahında, 30-da isə Avropa Şurası qərargahında - Strasburq şəhərində Novruz Bayramının təqdimat mərasimi keçiriləcəkdir. TÜRKSOY təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycanla yanaşı bir sıra türkdilli ölkələrin nümayəndə heyətləri də iştirak edəcəklər. Bundan başqa, 29-30 mart tarixlərində Fransanın "Maison des cultures du monde" ("Dünya mədəniyyətləri evi") Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Parisdə hər il keçirilən "Təxəyyül" festivalında Şirvan aşıqları ikigünlük konsert proqramı ilə çıxış edəcəklər. "Maison des cultures du monde" Assosiasiyasının konsert salonunda baş tutacaq konsertdə aşıqlarımız Azərbaycan folklor nümunələrini ifa edəcəklər.

Xəbər lenti

Xəbər lenti