...

Azərbaycanda qətlə yetirilən generalın oğlu məhkəməyə gəlməkdən imtina edib

Cəmiyyət Materials 29 Mart 2010 12:18 (UTC +04:00)
Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanının yavəri və köməkçisinin cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Trend News-un məlumatına görə, Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmədə hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə hakim Rail Rzayevin oğlu Qurban Rzayevin xəstəliyi ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəyi barədə məhkəməyə məktub yolladığını bildirib.
Azərbaycanda qətlə yetirilən generalın oğlu məhkəməyə gəlməkdən imtina edib

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanının yavəri və köməkçisinin cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Trend -un məlumatına görə, Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmədə hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə hakim Rail Rzayevin oğlu Qurban Rzayevin xəstəliyi ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəyi barədə məhkəməyə məktub yolladığını bildirib.

İttihama görə, generalın köməkçisi Rəfiyev və yavəri Haşımov 2009-cu il fevralın 11-də, Rzayev qətlə yetiriləndən dərhal sonra, onun iş otağına qanunsuz müdaxilə edərək, oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar.

Aydın Rəfiyev oğlu Anar Rəfiyevlə əlbir olub, 2009-cu ilin mart ayında general Rzayevin oğlu Qurban Rzayevin tapşırığı ilə onun şəxsi sürücüsü Bəxtiyar Ələsgərov tərəfindən Müdafiə Nazirliyinə qaytarılması üçün etibar edilərək ona verilmiş - Rzayevə məxsus 41 manat 37 qəpik dəyərində "general-leytenant" poqonlarına malik 1 ədəd hərbi qış gödəkcəsi, dövlət mülkiyyəti olan - generalın xidməti avtomobilinə təhkim olunmuş 18 manat dəyərində 10-00 HM hərbi nömrə nişanını nazirliyə qaytarmadan, Anar Rəfiyevə məxsus "Mitsubishi-Pajero" markalı avtomaşında 16 aprel 2009-cu il tarixinədək saxlanmaqla, ona etibar edilmiş özgə əmlakını talayıblar.

Bundan əlavə, Anar Rəfiyevin əməkdaşlıq etdiyi "Aztol Telekom" MMC-də satış üzrə menecer vəzifəsində çalışdığı müddətdə şirkət rəhbərliyinin icazəsi və razılığı olmadan ona etibar edilmiş - ümumi dəyəri 11 min 710 manat olan 18 ədəd mobil telefonu mənimsədiyi məlum olub.

Rəfiyevin vəkili Bəylər Məmişov generalın oğlunun istintaqa verdiyi ifadələr arasında ziddiyyət olduğunu əsas gətirərək, onun prosesdə iştirakının təmin olunmasını xahiş edib.

Hakim Rzayevin səhhəti imkan verəcəyi halda, onun prosesdə iştirakının təmin olunacağını bildirib. Sonra prokuror ittiham aktını elan edib.

Təqsirləndirilənlər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Hazırda proses Rəfiyevin ifadəsi ilə qapalı keçirilir.


Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı Rail Rzayevin köməkçisi Aydın Rəfiyev Cinayət Məcəlləsinin - 177.3.2 (oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.2.1 (mənimsəmə və ya israf etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən edildikdə), 179.2.2 (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3 (mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 299.3 (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcburetmə və ya pulla ələ alma - bu əməllər sağlamlığa zərər vurmaqla, zor tətbiq etməklə törədildikdə), 311.3.1 (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 341.2.1 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - bu əməllər bir qrup şəxs tərəfindən törədildikdə), 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - bu əməllər ağır nəticələrə səbəb olduqda), yavəri Anar Haşımov -177.3.2, 341.2.1, 341.2.3-cü, Aydın Rəfiyevin oğlu Anar Rəfiyev isə 179.2.1, 179.2.2, 179.3.2 və 299.2-ci (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma - şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə, eksperti yalan rəy verməyə, habelə həmin şəxsləri ifadə verməkdən boyun qaçırmağa məcbur etmə, şantajla və ya onların yaxın qohumlarını öldürmək, sağlamlığa zərər vurmaq və ya əmlakını məhv etmək hədəsi ilə törədildikdə) maddələri ilə təqsirli bilinirlər.

Xəbər lenti

Xəbər lenti