...

Azərbaycan Ombudsmanı Beynəlxalq Qırmızı Xaç Komitəsindən Ermənistanda əsir və girovluqda saxlanılan azərbaycanlıların qaytarılmasını istəyib

Cəmiyyət Materials 31 Mart 2010 11:40 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə axşamı Trend News-a verilən məlumata görə, martın 22-27-də insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəvəti ilə Cenevrə şəhərində işgüzar səfərdə olub.
Azərbaycan Ombudsmanı Beynəlxalq Qırmızı Xaç Komitəsindən Ermənistanda əsir və girovluqda saxlanılan azərbaycanlıların qaytarılmasını istəyib

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Ombudsmanı Beynəlxalq Qırmızı Xaç Komitəsi qarşısında Ermənistanda əsir və girovluqda saxlanılan azərbaycanlıların qaytarılması məsələsini qaldırıb.

Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, martın 22-27-də insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəvəti ilə Cenevrə şəhərində işgüzar səfərdə olub.

Səfər çərçivəsində Ombudsman Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyat rəhbəri xanım Pasqal Vaqnerlə görüşüb.

Müvəkkil öz mandatı çərçivəsində azərbaycanlı əsir və girovların mümkün qədər qısa müddət ərzində Azərbaycana qaytarılmasını, onların pozulmuş insan hüquq və azadlıqlarının bərpasında yardımçı olmağı, həmçinin, əsirlikdə olduqları və girov saxlandıqları müddətdə onların işgəncə, qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzaya məruz qalmamasının nəzarətdə saxlanılmasını, bunun həmçinin komitənin prezidenti Y.Kellenbergerə çatdırılmasını BQXK-nın nümayəndəsindən xahiş edib.

Görüşdə müvəkkil 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan ərazilərinin beşdəbir hissəsinin işğal edilməsi, nəticədə dinc insanların kütləvi qırğına məruz qalması, minlərlə Azərbaycan vətəndaşının əsir və itkin düşməsi, girov götürülməsi, onların çoxunun taleyinin hələ də məlum olmaması barədə ətraflı məlumat verib.

Ombudsman cəbhə xətti boyunca yaşayan dinc sakinlərin girov götürüldüyü və geri qaytarılmadığı, girovların sayının gizlədildiyi, Azərbaycanın mülki əhalisinə maddi ziyan vurulduğunu diqqətə çatdırıb.

Azərbaycan Ombudsmanı 8 oktyabr 2008-ci ildə qoşunların təmas xəttində, Qazax rayonunun Kəmərli kəndi istiqamətində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Rafiq Rəhman oğlu Həsənovun, 2009-cu il mayın 10-da cəbhənin Füzuli istiqamətində əsir götürülən əsgər Anar Xanbaba oğlu Hacıyevin, 28 dekabr 2009-cu ildə isə Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində atəşə tutulub girov götürülən mülki şəxs Eldar Heydər oğlu Tağıyevin, uzun müddət keçməsinə baxmayaraq, bu günə kimi hələ də Ermənistanda saxlandığını bildirib.

Görüş zamanı Süleymanova həmin şəxslərin valideynlərinin və yaxınlarının ağır psixoloji durumda olduqlarını nəzərə alaraq, onlarla əsir və girovluqda saxlanılanlar arasında müntəzəm olaraq yazışmanın aparılmasının zəruriliyini qeyd edib.

O, bu zaman BQXK-nın yerli nümayəndəliyi tərəfindən bəzən əsassız senzuraya yol verildiyini, valideynlərə təzyiq göstərildiyini, bütün bunların isə hüquq pozuntusu olduğunu Vaqnerin diqqətinə çatdırıb.

Vaqner əsir və girovluqda saxlanılanlara BQXK-nın regional nümayəndəliklərində çalışan əməkdaşların baş çəkdiklərini, onların vəziyyətinin nəzarətdə saxlandığını söyləyib. O, Azərbaycan Ombudsmanının yazışmada əsassız senzuranın aradan qaldırılmasına dair xahişinin nəzərə alınacağını, BQXK-nın mandatı çərçivəsində qaldırılan məsələlərə dəstək veriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti