Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Sumqayıtda aprelin 20-də "Ekologiya və ətraf mühitin qorunması" mövzusunda sərgi-müsabiqə keçiriləcək. Dövlət Rəsm Qalereyasında keçiriləcək sərgi-müsabiqə "Gələcək əlimizdədir" birinci Şəhər Ekoloji Forumu çərçivəsində keçiriləcək.
Müsabiqə şəhər Təhsil Şöbəsi tərəfindən 3 yaş qrupu (I qrup - 1-4-cü sinif şagirdləri, 6-12 yaş, II qrup - 5-7-ci sinif şagirdləri, 12-14 yaş, III qrup - 8-11-ci sinif şagirdləri, 15-17 yaş) üzrə təşkil ediləcək. Müsabiqənin sonunda qalib işlərdən ibarət masaüstü ekoloji təqvim hazırlanması nəzərdə tutulub.
I Şəhər Ekoloji Forumun məqsədi ekologiya və təbiətin mühafizəsi sahəsində müxtəlif təşkilatlar arasında təcrübə mübadiləsi, əməkdaşlığın inkişafı və gücləndirilməsi, şəhərin ekoloji problemlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək, bu sahədə vətəndaş məsuliyyəti və təşəbbüskarlığını artırmaqdır.
Forumun vəzifələri gənc nəslin yaradıcılıq qabiliyyətinin inkişafı, ekologiya sahəsində onların bilik səviyyəsinin artırılması üçün müxtəlif müsabiqələrin təşkili, məktəblilərin ekoloji sahədə maarifləndirilməsi, onlarda ekoloji mədəniyyəti artırmaq, tarixi, mədəni, təbii miras və ümumbəşəri dəyərlərə gənc nəslin qayğı və hörmətinin artırılması, şəhərin bəzi ekoloji problemlərinin həllinə gənc nəsli cəlb etmək və məişət tulantılarının təhlükəsiz istifadəsi ilə bağlı məktəblilərin biliklərinin artırılmasından ibarətdir.