Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir H.Bağırov/
Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı Rail Rzayev qətlə yetirilən gün onun yaşadığı binanın mühafizəçisi olmuş Elşən Eyvazovun apelyasiya şikayəti təmin edilməyib.
Trend-in məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində Elşən Eyvazovun apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Eyvazovun apelyasiya şikayəti təmin edilməyib və Yasamal rayon məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Eyvazov Yasamal rayon məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmü ilə onun ittihamındakı 320.1-ci maddə üzrə cinayət işinə xitam verilib.
Eyvazov Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsaletmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma (234.1), rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadəetmə (320.1), xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə (178.2.4) maddələri ilə ittiham edilib.
İttiham aktında göstərildiyinə görə, Eyvazovun avtomobilindən tiryək tapılıb.
Eyvazov 3 ilə yaxın Rail Rzayevin yaşadığı binada mühafizəçi çalışıb.
2009-cu il fevralın 11-də Rail Rzayev qətlə yetirilənə qədər Eyvazov növbədə olub. Rzayevin qətlindən sonra - fevralın 17-də Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Eyvazov saxlanılıb.
Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev 2009-cu il fevralın 11-də qətlə yetirilib. Qətlin araşdırılması üçün Respublika Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu yaradılıb.