...

İrandan Azərbaycana narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərə 19 il cəza verilib

Cəmiyyət Materials 20 Aprel 2010 15:33 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə narkotik alverində ittiham olunan Azərbaycan vətəndaşları - Hacıəmin Həmdəmov 14, İntizar Həmdəmov 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
İrandan Azərbaycana narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərə 19 il cəza verilib

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir H.Bağırov/

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərə hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə narkotik alverində ittiham olunan Azərbaycan vətəndaşları - Hacıəmin Həmdəmov 14, İntizar Həmdəmov 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs ediliblər.

Müəyyən edilib ki, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı faktına görə məhkum olunmuş İntizar Həmdəmov, təxminən, 2009-cu ilin oktyabr ayında bir nəfər İran vətəndaşı ilə əlaqə yaradaraq, ona qaçaq yolla Azərbaycan ərazisinə narkotik vasitələr gətirməsini sifariş verib. Həmin narkotik vasitələrin təhvil alınmasını isə qardaşı oğlu Hacıəmin Həmdəmova tapşırıb.

Hacıəmin Həmdəmov da öz növbəsində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətiriləcək külli miqdarda narkotik vasitənin təhvil alınmasını təşkil edib. Bundan sonra həmin iranlı 21 kiloqramdan artıq narkotik vasitə olan həşiş qatranını qaçaq yolla Astara rayonu istiqamətindən Azərbaycan ərazisinə gətirib.

MTN-in həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıəmin Həmdəmov saxlanılıb, baxış zamanı 21 kiloqramdan artıq narkotik vasitə olan həşiş qatranı aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı (206.3.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma (234.4.1 və 234.4.3) maddələri ilə ittiham olunublar.

Xəbər lenti

Xəbər lenti