...

Avropa Məhkəməsinin milli məhkəmələrin qərarlarını dəyişdirmək və ya ləğv etmək səlahiyyəti yoxdur - Azərbaycan Ali Məhkəməsinin hakimi

Cəmiyyət Materials 26 Aprel 2010 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Azərbaycan Ali Məhkəməsinin hakimi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin milli məhkəmələrin qərarlarını dəyişdirmək və ya ləğv etmək səlahiyyətinin olmadığını deyir.

Trend-in məlumatına görə, Ali Məhkəmənin hakimi Vafəddin İbayev Avropa Məhkəməsinin Eynulla Fətullayevin işi ilə bağlı qərarına münasibət bildirərkən deyib ki, Avropa Məhkəməsi 4-cü instansiya məhkəməsi rolunu oynaya bilməz.

Aprelin 22-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin internet səhifəsində Eynulla Fətullayevin Azərbaycana qarşı ərizəsi üzrə Avropa Məhkəməsinin qərarı dərc olunub.

Həmin qərarla məhkəmə Fətullayevin barəsində cinayət işləri üzrə icraat zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın müddəalarının pozulmasını qərara alıb. Eyni zamanda, məhkəmə qəbul etdiyi qərara Fətullayevin dərhal həbsdən azad edilməsini tələb edib.

İbayev deyir ki, beynəlxalq hüquq dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələrə söykənir. Dövlətlər həmin müqavilələri bağlayarkən və ya onlara qoşularkən yalnız müqavilələrdə nəzərdə tutulan öhdəlikləri icra etməyə borcludurlar. Dövlət tərəfindən imzalanmış müqavilədə nəzərdə tutulmayan, dövlətin öz üzərinə götürmədiyi öhdəliyi dövlət icra etmək məcburiyyətində deyil.

"Beynəlxalq hüquq normalarının hüquqi qüvvəsi onların ayrılmaz əlamətidir. Dövlətlər bir-biri ilə razılaşma əsasında dünya birliyi çərçivəsində hüquqi cəhətdən məcburi olan davranış qaydaları yaratmaq səlahiyyətlərinə malikdirlər. Universal, regional və ikitərəfli səviyyədə normativ-hüquqi göstərişlər yaratmaqla beynəlxalq hüquq dünya birliyinin bütün subyektlərinə özünün məcburedici təsirini göstərir. Hazırkı dövrdə beynəlxalq hüquq normaları dövlətlər üçün öhdəliklər yaratmaqla yanaşı, özlərinin dövlətdaxili səviyyədə implementasiya mexanizminin məzmununun müəyyən edilməsinə mühüm təsir göstərir. Dövlətlər öz ərazisində beynəlxalq hüquqi göstərişlərin realizasiyasının yolu və vasitələrini seçməkdə azaddırlar. Dövlətlər beynəlxalq hüquq normalarının dövlətdaxili sahədə həyata keçirilməsini milli hüquq əsasında reallaşdırırlar. Başqa sözlə, beynəlxalq hüquq üzrə öhdəliklərin yerinə yetirilməsinin təmini mexanizminin müəyyən edilməsi dövlətlərin öhdəsinə buraxılmışdır.

Azərbaycan Respublikası Avropa Konvensiyasına qoşulmaqla həmin Konvensiyada ifadəsini tapmış hüquqların yurisdiksiyası altında olan insanları  təmin etmək öhdəliyi götürmüşdür. Həmin hüquqların pozulması ilə əlaqədar hər kəsin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət etmək hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi yalnız Konvensiyada təsbit olunmuş hüquqların dövlət tərəfindən pozulub-pozulmamasını müəyyən etmək və pozulmuş hüququn bərpası üçün zəruri hesab etdikdə müvafiq kompensasiya müəyyən etməkdən ibarətdir. Dövlətlər Avropa Konvensiyasına qoşulduqda, həmçinin, Avropa Məhkəməsinin qərarlarını icra etmək öhdəliyini də öz üzərlərinə götürmüşlər", - hakim qeyd edib.

Hakimin sözlərinə görə, Milli Məhkəmənin qərarı yalnız dövlətin öz məhkəməsi tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər.

"Azərbaycan dövləti Avropa Konvensiyasına qoşularkən milli məhkəmələrin qərarlarının ləğv edilməsi və ya dəyişdirilməsi səlahiyyətini heç bir orqana, o cümlədən, Avropa Məhkəməsinə verməyib. Məhz ona görə Avropa Şurası Nazirlər Komitəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası zəruriliyinə diqqəti cəlb etmiş, həmçinin, Avropa Məhkəməsinin pozuntu aşkar etdiyi milli məhkəmə qərarlarına yenidən baxılması prosedurunun iştirakçı dövlətlərin qanunvericiliyində nəzərdə tutulmasını tövsiyə etmişdir.

Buna müvafiq olaraq, 11 iyun 2004-cü il tarixli "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Qanuna əsasən, Mülki Prosessual Məcəllə və Cinayət Prosessual Məcəlləyə müvafiq dəyişikliklər edilmiş, Avropa Məhkəməsinin pozuntu aşkar etdiyi işlərə Ali Məhkəmənin plenumunda baxılması proseduru müəyyən edilmişdir", - İbayev qeyd edib.

İbayevin sözlərinə görə, dövlətin milli məhkəməsinin qərarının beynəlxalq orqan tərəfindən dəyişdirilməsinə yol verilməməsi dövlətin suverenliyinin əlamətidir. Dövlət suverenliyinin tərkib hissəsini dövlətin öz ərazisində qanunvericilik və məhkəmə sistemini təşkil edib onu daxili qanunvericiliyə müvafiq qaydada həyata keçirməsi təşkil edir.

"Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələr onun milli məhkəməsinin qəbul etdiyi qərarına beynəlxalq orqanın müdaxilə etməsini nəzərdə tutmadığı kimi, daxili qanunvericilik də qanuni qüvvəsini almış məhkəmə qərarının beynəlxalq orqan tərəfindən dəyişdirilməsi, ləğvi və ya həmin qərara hər hansı bir müdaxilə olunmasını nəzərdə tutmur. Bu cəhətdən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Fətullayevin işi ilə bağlı qəbul etdiyi qərar təəccüb doğurur. Avropa Məhkəməsi həmin qərarda Avropa Konvensiyasının müddəalarının pozuntusunu müəyyən etməklə yanaşı, Fətullayevin dərhal azadlığa buraxılmasını qərara almışdır. Ərizəçinin dərhal azadlığa buraxılması barədə Avropa Məhkəməsinin qərarına daxil edilmiş müddəa milli məhkəmənin qanuni qüvvəyə minmiş qərarına müdaxilədir və beynəlxalq hüququn, o cümlədən, Avropa Konvensiyasının heç bir norması ilə əsaslandırıla bilməz", - Ali Məhkəmənin hakimi vurğulayıb.

Hakim deyir ki, Avropa Şurası Nazirlər Komitəsinin R(200) 2 saylı tövsiyəsinə əsasən, yalnız Avropa Məhkəməsinin həmin qərarı qanuni qüvvəyə mindikdən sonra, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Fətullayev barəsində işə yenidən baxmaq səlahiyyətinə malikdir. Onun azadlığa buraxılması məsələsi yalnız milli məhkəmənin qərarı ilə həll oluna bilər. Bundan əlavə, Azərbaycan dövlətinin 22 aprel 2010-cu il tarixli qərardan Avropa Məhkəməsinin Böyük Palatasına şikayət vermək hüququ vardır.

"Hesab edirik, Avropa Məhkəməsinin qərarına Fətullayevin dərhal azadlığa buraxılması barədə müddəanın daxil edilməsi Avropa Məhkəməsinin səlahiyyətlərindən kənara çıxır", - İbayev qeyd edib.

Hakim deyir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Jan Pol Kosta 19 yanvar 2007-ci ildə məhkəmə ilinin təntənəli açılış mərasimindəki nitqində qeyd edib ki, "Bizim qərarlar tənqid üçün açıqdır. Biz səhvə yol verə bilərik, lakin biz siyasiləşməyə hər hansı yolu qapatmışıq".

İbayevin fikrincə, bu baxımdan məhkəmənin 22 aprel 2010-cu il tarixdə Azərbaycana qarşı qəbul etdiyi qərarı məhz tənqidə məruz qalmalı olan qərardır.

"Çünki şəxsin azadlıqdan məhrum edilməsi barədə milli məhkəmə qərarı qüvvədə ola-ola heç bir hüquqi prosedur olmadan, məhkəmə hökmünə məhəl qoymadan, məhkəmə hökmü ləğv olunmadan şəxsin azadlığa buraxılması məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə hörmətsizlik ifadə edir", - Ali Məhkəmənin hakimi deyib.

Xəbər lenti

Xəbər lenti