Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycanın Ombudsman Aparatı bir neçə müxalifət partiyasının aksiyası zamanı saxlanılanlar barədə daxil olan məlumatı araşdırıb.
"Azadlıq" blokunun Bakı Şəhər İcra Hakimiyyəti binası qarşısında aksiyası zamanı saxlanılan şəxslər barədə daxil olan məlumatın araşdırılması məqsədilə insan hüquqları üzrə müvəkkilin işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə qrupun üzvləri dərhal Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gediblər", - çərşənbə axşamı Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.
Bölməyə baxış zamanı saxlanılan şəxslərin olmadığı müəyyən edilib: "Bölmə rəhbərliyinin verdiyi məlumata və təqdim etdikləri sənədlərdən müəyyən olundu ki, saxlanılan 30 nəfərdən 20-si sərbəst buraxılıb, 10 nəfər barəsində işlər Səbail Rayon Məhkəməsinə göndərilib", - məlumatda vurğulanır.
"Qaynar xətt"ə zəng edən şəxslə əlaqə saxlanılıb və onların sərbəst buraxıldıqları və bu məsələyə dərhal reaksiya verdiyinə görə Ombudsmana minnətdarlıq bildirilib.
Azərbaycanın üç müxalifət partiyasının təmsil olunduğu "Azadlıq" bloku aprelin 26-da Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirmək cəhdi baş tutmayıb. Aksiya barədə qərarı bir müddət əvvəl blokda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası verib. Blokda təmsil olunan liberal, vətəndaş və inkişaf partiyaları da aksiyaya dəstək veriblər.