...

Avropa Şurası Baş katibinin müavini Azərbaycan Parlamentində qadın deputatların sayının artırılmasını zəruri sayır

Cəmiyyət Materials 26 May 2010 12:06 (UTC +04:00)
Avropa Şurasının (AŞ) Baş katibinin müavini xanım Mod de Bur-Bukikkio Azərbaycanın ictimai-siyasi həyatında qadınların iştirakının, Parlamentdə qadın deputatların təmsilçiliyinin genişləndirilməsini zəruri hesab edir.
Avropa Şurası Baş katibinin müavini Azərbaycan Parlamentində qadın deputatların sayının artırılmasını zəruri sayır

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir K.Zərbalıyeva/

Avropa Şurasının (AŞ) Baş katibinin müavini xanım Mod de Bur-Bukikkio Azərbaycanın ictimai-siyasi həyatında qadınların iştirakının, Parlamentdə qadın deputatların təmsilçiliyinin genişləndirilməsini zəruri hesab edir. Trend-in məlumatına görə, bu haqda o, Bakıda ombudsman Elmira Süleymanova ilə görüşündə bildirib.

Azərbaycanda Parlamentin 125 deputatından 14-ü qadındır, bu isə Parlamentin 11%-i deməkdir. Parlament sədrinin 3 müavinindən 1-i, komissiya sədrlərindən 1-i qadındır.

Bukikkio Parlamentdə məişət zorakılığı ilə bağlı müzakirəyə çıxarılan qanun layihəsinin qəbul edilməsinin faydalı olacağını, hazırda Avropa Şurasında bu məsələ ilə bağlı konvensiyanın və monitorinq mexanizminin hazırlandığını diqqətə çatdırıb.

O, uşaqların cismani cəzadan müdafiəsi üzrə ayrıca konvensiyanın qəbul olunmadığını, lakin bu sahədə 21 ölkənin iştirak etdiyi kampaniyanın keçirildiyini və bununla bağlı materialların ölkəmizə göndəriləcəyini vurğulayıb.

Bukikkio müvəkkilin insan hüquqlarının müdafiəsi və təmini sahəsində fəaliyyətini yüksək qiymətləndirərək, qaldırdığı məsələlərin, xüsusilə hakimlər üçün təlimlərin təşkilinin önəmli olduğunu, keçiriləcək təlimlərə beynəlxalq ekspertlərin göndərilməsinin mümkünlüyünü bildirib.

Süleymanova Ombudsman Aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin davamlı maarifləndirmə tədbirlərinin nəticəsi olaraq, son bələdiyyə seçkilərində Azərbaycanın yerli özünüidarəetmə orqanlarına seçilmiş namizədlərin, orta hesabla, 26,6 faizini qadınların təşkil etdiyini və bu göstəricinin əvvəlki seçkilərə nisbətən xeyli yüksək olduğunu, qarşıdan gələn Parlament seçkilərində də qadınların fəal iştirakının təmin edilməsi istiqamətində səylər göstərildiyini vurğulayıb.

Müvəkkil uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Avropa Şurası Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya edilməsini, "Uşaqların cismani cəzadan müdafiəsi haqqında" qanunun qəbul olunmasını təklif etdiyini söyləyib.

Xəbər lenti

Xəbər lenti