...

Bakıda "Yunis İmrədən Məhəmməd Füzuliyə insan sevgisi" adlı beynəlxalq simpozium keçirilib

Cəmiyyət Materials 10 İyun 2010 12:35 (UTC +04:00)
Bakıda “Yunis İmrədən Məhəmməd Füzuliyə insan sevgisi” adlı beynəlxalq simpozium keçirilir. Trend-in məlumatına görə, cümə axşamı simpoziumun rəsmi açılışı olub. Açılışda millət vəkilləri Nizami Cəfərov, Qənirə Paşayeva və Türkiyənin Azərbaycandakı səfirinin köməkçisi Nihat Cavadər də iştirak ediblər
Bakıda "Yunis İmrədən Məhəmməd Füzuliyə insan sevgisi" adlı beynəlxalq simpozium keçirilib

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir T.Hacıyev/

Bakıda "Yunis İmrədən Məhəmməd Füzuliyə insan sevgisi" adlı beynəlxalq simpozium keçirilib.

"Yunis İmrə və Məhəmmd Füzuli öz yaradıcılıqlarında insan sevgisini təbliğ edib", - Trend-in məlumatına görə, bunu cümə axşamı simpoziumun rəsmi açılışında çıxışı zamanı millət vəkili Nizami Cəfərov deyib.

Deputat hesab edir ki, "Yunis İmrə ilə Məhəmməd Füzulini birləşdirən çox cəhət var. Onların yaradıcılıqları türk-müsəlman klassik ədəbiyyatının ən mühüm zirvələrindəndir", - Cəfərov əlavə edib.

Millət vəkili Qənirə Paşayeva öz çıxışında bildirib ki, bu gün dünyada baş verən bütün pis hadisələrin səbəbi insan sevgisinin azlığındadır.

"Bizim mədəniyyətimiz insan sevgisini hər zaman əsas götürüb. Bu gün dünyada mövcud olan ən ciddi böhran mənəvi böhrandır. Ona görə də Yunis İmrə və Füzulini dünyaya yaymaq lazımdır", - Paşayeva qeyd edib.

Türkiyənin Azərbaycandakı səfirinin köməkçisi Nihat Cavadər qeyd edib ki, milli tariximizin köklərini kəşf etmək və mədəniyyətimizin çağdaş dünyada da aktual olduğunu göstərmək üçün bu tədbir böyük əhəmiyyətə malikdir.

"Yunis İmrə və Məhəmməd Füzuli dünya mədəniyyətinə töhfə vermiş insanlardır. Onların əsərlərinə bütün dünyanın ehtiyacı var. Yunis İmrə öz əsərlərində dinindən, dilindən və irqindən asılı olmayaraq, insana sevgi təbliğ edir. Məhəmməd Füzuli isə insanlardakı bütün müsbət keyfiyyətləri mədh edib, insanları sevgiyə, etibara dəvət edib", - Cavadər bildirib.

Daha sonra millət vəkili Nizami Cəfərov simpozium iştirakçılarına Türkiyə Cümhuriyyətinin dəyanət işləri naziri Əli Bardakoğlunun təbrik məktubunu oxuyub.

Simpozium Dünya Türk Yazarlar Birliyi (DTYB), Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu (ARGYF), Türkiyə Cümhuriyyəti Türk Əməkdaşlıq və İnkişaf Dairəsi (TİKA) və Azərbaycan Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Xəbər lenti

Xəbər lenti