...

Azərbaycanda təhsil proqramlarının yerinə yetirilmə müddəti təsdiqlənib

Cəmiyyət Materials 10 İyun 2010 15:04 (UTC +04:00)
Azərbaycanda təhsil proqramlarının yerinə yetirilmə müddəti müəyyənləşib. Trend-in Nazirlər Kabinetinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, "Təhsil proqramlarının (kurikulumların) yerinə yetirilmə müddəti"nin təsdiq edilməsi haqqında qərar iyunun 4-də Nazirlər Kabineti tərəfindən imzalanıb.
Azərbaycanda təhsil proqramlarının yerinə yetirilmə müddəti təsdiqlənib

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda təhsil proqramlarının yerinə yetirilmə müddəti müəyyənləşib. Trend-in Nazirlər Kabinetinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, "Təhsil proqramlarının (kurikulumların) yerinə yetirilmə müddəti"nin təsdiq edilməsi haqqında qərar iyunun 4-də Nazirlər Kabineti tərəfindən imzalanıb.

Qərara əsasən, təhsil proqramlarının yerinə yetirilmə müddəti məktəbəqədər təhsil üzrə 3, ümumi təhsil üzrə ibtidai təhsil 4, ümumi orta təhsil 5, tam orta təhsil üzrə isə 2 il müəyyən olunub. İlk peşə-ixtisas təhsili üzrə tam orta təhsil bazasından qəbul olunmuş qruplarda təhsil müddəti 1, ümumi orta təhsil bazasından qəbul olunmuş və peşə ilə yanaşı, tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti 3, ümumi orta təhsil bazasından qəbul olunmuş və yalnız peşə təhsili alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti peşənin mürəkkəbliyindən asılı olaraq 1-2 il təyin olunub. Ümumi orta, tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində işəgötürənlərin və fərdlərin sifarişləri əsasında müəyyən peşə üzrə bacarıqlar qazanmış şəxslər üçün həmin və ya digər peşənin öyrədilməsi, ixtisasının artırılması və yenidən hazırlanması üzrə kurslarda təhsil müddəti 6 aya qədər müəyyən olunub.

Qərarda qeyd olunur ki, orta ixtisas təhsili proqramlarının əyani forma üzrə normativ təhsil müddəti ümumi orta təhsil bazasından qəbul olunanlar üçün 3-4, tam orta təhsil bazasından qəbul olunanlar üçün isə 2-3 ildir. Qiyabi forma üzrə təhsil müddəti 1 il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir.

Ali təhsil pilləsinin bakalavr səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti 1 il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir.

Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 1-2 ildir. Qiyabi forma üzrə təhsil müddəti 6 ay artıqdır. Bu müddət ixtisaslaşmaların təhsil proqramları ilə müəyyən edilir.

Tibb təhsili üzrə əsas təhsil proqramlarının təhsil müddəti 5-6 il, rezidenturada isə 2-6 ildir. Bu müddət ayrı-ayrı ixtisasların (ixtisaslaşmaların) təhsil proqramları ilə müəyyən edilir.

Doktoranturada təhsil müddəti 3 ildir. Qiyabi forma üzrə təhsil müddəti 1 il artıqdır.

Qərar imzalandığı gündən qüvvəyə minib.

Xəbər lenti

Xəbər lenti