Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın 5 rayonunda cəzaçəkmə müəssisəsi tikilir. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə açıqlamasında Azərbaycanın Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə polkovniki Hüseyn Əlixanov bildirib.
"2009-2013-cü illər ədliyyə sisteminin inkişafına dair Dövlət Proqramına əsasən, Gəncə şəhərində, Şəkidə, Umbakı və Kürdəxanı qəsəbələrində cəzaçəkmə müəssisələri tikilir. Bu onunla əlaqədardır ki, məhkumlar gələcəkdə öz regionlarında cəza çəksinlər", - Əlixanov əlavə edib.
Trendin arayışı: "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" 2009-cu il fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilib. Proqram dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi, məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsi, hüquqi təsisatların möhkəmləndirilməsi, beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi ədliyyə və məhkəmə orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsini, onun maddi-texniki bazasının modernləşdirilməsini şərtləndirir.
Əlixanlı qeyd edib ki, 2013-cü ilə qədər şəhərin mərkəzində olan həbsxanalar şəhərdən kənara köçürüləcək.