Azərbaycan, Bakı, 17 iyun / Trend, müxbir K.Zərbalıyeva/
Hökumət Ermənistanın Azərbaycana təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulan məcburi köçkünlərin yataqxanalardan köçürülmə prosesini bu il başa çatdırmağı nəzərdə tutmur.
"Bu prosesə bu il başlamaq olar. Yataqxanalardakı məcburi köçkünlər üçün yeni evlərin tikilməsi məqsədilə artıq torpaq ayrılıb, üç-dörd ay ərzində layihə hazır olmalıdır", - Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov cümə axşamı jurnalistlərə bildirib.
Həsənov deyib ki, köçürülmə zamanı məcburi köçkünlərin tələbatları nəzərə alınacaq.
"Bu il Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün 80 milyon dollar ayrılıb, lakin bu məbləğ 100 milyonadək artırılmalıdır", - Həsənov bildirib.
Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.