...

Azərbaycan ombudsmanı əsgərin döyülməsi faktı ilə bağlı Baş Prokurorluğa müraciət edib

Cəmiyyət Materials 2 İyul 2010 17:02 (UTC +04:00)
Oombudsman Elmira Süleymanova baş prokurorun müavini və hərbi prokurora müraciət edərək Mərkəzi Hərbi Klinik Hospitalında müalicə alan əsgər Musayev Röyal Etibar oğlunun döyülməsi ilə bağlı halların araşdırılmasını, aparılan istintaqı şəxsi nəzarətə götürməyi, nizamnamədənkənar münasibətlərə yol vermiş hərbçilərin qanunvericiliyə uyğun olaraq, törətdiyi əmələ görə məsuliyyətə cəlb edilmələrini xahiş edib.
Azərbaycan ombudsmanı əsgərin döyülməsi faktı ilə bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı əsgərin döyülməsi faktının araşdırılması ilə bağlı Baş Prokurorluğa və Respublika Hərbi Prokurorluğuna müraciət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, ombudsman Elmira Süleymanova baş prokurorun müavini və hərbi prokurora müraciət edərək Mərkəzi Hərbi Klinik Hospitalında müalicə alan əsgər Musayev Röyal Etibar oğlunun döyülməsi ilə bağlı halların araşdırılmasını, aparılan istintaqı şəxsi nəzarətə götürməyi, nizamnamədənkənar münasibətlərə yol vermiş hərbçilərin qanunvericiliyə uyğun olaraq, törətdiyi əmələ görə məsuliyyətə cəlb edilmələrini xahiş edib.

Ombudsmanın tapşırığına əsasən, Aparatın əməkdaşları iyulun 2-də Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə alan əsgər Musayev Röyal Etibar oğlu ilə görüşüblər.

Görüş zamanı Musayev bu ilin aprelində Tovuz rayon Hərbi Komissarlığından xidmətə çağırıldığını, Heydər Əliyev adına Ali Hərbi Məktəbin mühafizə bölüyündə qulluq etdiyini bildirib.

O, iyunun 12-də növbədə olarkən Ali Hərbi Dənizçilik Məktəbinin 3 əsgəri tərəfindən döyüldüyünü söyləyib.

Musayev iyulun 18-də Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına qəbul edilərkən yıxıldığını söyləyib və bir neçə gündən sonra həkimlərə həqiqəti etiraf edərək döyüldüyünü bildirib. Hərbi Prokurorluğun müstəntiqi ondan izahat alarkən, Musayev izahatında döyüldüyünü qeyd edib.

Musayevin müalicə aldığı hospitalın müştərək zədələnmələr bölməsinin rəisi Zirəddin Abbasovla söhbət zamanı o, əsgərin hospitala qəbul edildikdən sonra dalağının partlaması ilə əlaqədar bu orqanın çıxarıldığını və hazırda vəziyyətinin normal olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti