Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir T.Hacıyev/
Bu gün Azərbaycan mətbuatının qarşılaşdığı ən mühüm problem mətbuatın məhz iqtisadi bazasının zəif olmasıdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
"Digər problemlər iqtisadi bazada yaranan problemlərin fonunda yaranır. Bununla bağlı bir sıra layihələr həyata keçirilib. KİV-ə dövlət dəstəyi konsepsiyası qəbul olunub. Konsepsiyada nəzərdə tutulan məsələlərin həyata keçirilməsi üçün dövlət fondu yaradılıb. Bu, dövlətin mətbuata qayğısı və mətbuatın maddi-texniki bazasının yaxşılaşmasına yardımdır", - Amaşov əlavə edib.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri və media təmsilçiləri milli mətbuatın yaranmasının 135 illik yubileyi münasibəti ilə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Amaşov bildirib ki, reklamın zəif olması da qəzetlərin maddi durumuna təsir edir. "Bu gün Azərbaycanda ümumi reklam bazarı 35-40 milyon manat olduğu halda, yazılı mətbuata bu məbləğdən yalnız 2 milyon manat ayrılması və digər məsələlər Azərbaycan mətbuatını problemli edir. Bu, jurnalistlərin peşəkarlıq dərəcəsinə də təsir edir. Qəzetlərin yayımına, onların keyfiyyət baxımından inkişafına maneələr yaradır. Mətbuatın iqtisadi problemini həll edə bilsək, digər məsələlər də tədricən aradan qalxacaq", - Amaşov bildirib.
1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.