...

Azərbaycan prokurorluq orqanının əməkdaşı barəsində cinayət işi başlanılıb

Cəmiyyət Materials 11 Avqust 2010 18:00 (UTC +04:00)
Baş Prokurorluğun internet-saytının çərşənbə günü yaydığı məlumata görə, Göyçay Rayon Prokurorluğunun müstəntiqi Avtandil Babayev tutduğu vəzifədən azad edilib.
Azərbaycan prokurorluq orqanının əməkdaşı barəsində cinayət işi başlanılıb

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan prokurorluq orqanının əməkdaşı barəsində cinayət işi başlanılıb.

Baş Prokurorluğun internet-saytının çərşənbə günü yaydığı məlumata görə, Göyçay Rayon Prokurorluğunun müstəntiqi Avtandil Babayev tutduğu vəzifədən azad edilib.

Babayev xidməti və icra intizamının pozuntusuna, icraatında olan konkret material üzrə araşdırma zamanı qanun pozuntuları və ciddi nöqsanlara yol verdiyinə, əvvəllər barəsində tətbiq edilmiş intizam tənbehi tədbirindən lazımi nəticə çıxarmadığına görə, Baş Prokurorluq üzrə 10 avqust tarixli əmrlə işdən çıxarılıb.

Baş Prokurorluq tərəfindən, eyni zamanda, vəzifə saxtakarlığı faktına görə Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluq tərəfindən Göyçay rayon sakini Nəriman Ağayevin şikayət ərizələri üzrə aparılmış araşdırmalarla müəyyən edilib ki, müstəntiq Babayev tərəfindən N.Ağayevin qızı Zümrüdün 20 noyabr 2009-cu il tarixdə yaşadığı evdə ölməsi faktı ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılması təmin edilmədiyinə görə, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul olunmuş qərar Baş Prokurorluqda əsassız sayılaraq, ləğv edilib.

Baş Prokurorluğun prokurorluqda istintaqa nəzarət idarəsi tərəfindən aparılan əlavə araşdırma zamanı, 3 iyul 2010-cu il tarixdə qanunla müəyyən edilmiş qaydada meyit eksqumasiya olunmaqla, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən təkrar komisyon məhkəmə-tibb ekspertizası keçirilib.

Nəticədə, birliyin Göyçay rayon şöbəsinin eksperti E.Əmiraslanov tərəfindən Z.Ağayevanın meyiti daxili müayinə edilmədiyi halda, məhkəmə-tibbi müayinə haqqında akt tərtib edilərkən saxtakarlığa yol verildiyi, həmin aktda müstəntiq Babayevin daxili müayinə zamanı iştirakı göstərilsə də, sonuncunun meyitin ilkin daxili müayinəsində iştirak etmədiyi və qeyd olunan pozuntuların aradan qaldırılması üçün vaxtında tədbirlər görmədiyi müəyyənləşib.

Xəbər lenti

Xəbər lenti