...

Azərbaycanda payız-yaz aylarında 8 milyon 200 min ədəd ağac əkilib - ekologiya və təbii sərvətlər naziri

Cəmiyyət Materials 27 Avqust 2010 11:23 (UTC +04:00)
Azərbaycanda 2009-cu ilin payız - 2010-cu ilin yaz ayları ərzində 8 milyon 200 min ədəd müxtəlif cinslərdən ibarət ağac əkilib.
Azərbaycanda payız-yaz aylarında 8 milyon 200 min ədəd ağac əkilib - ekologiya və təbii sərvətlər naziri

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycanda 2009-cu ilin payız - 2010-cu ilin yaz ayları ərzində 8 milyon 200 min ədəd müxtəlif cinslərdən ibarət ağac əkilib. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

"Azərbaycan Prezidentinin Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə təşəbbüsü ilə əlaqədar, 2009-cu ildən başlayaraq genişmiqyaslı tədbirlər həyata keçirilir. Əkilən ağaclardan 5 milyonu nazirliyin payına düşür", - Bağırov bildirib.

Nazirin sözlərinə görə, xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 2003-cü ildən etibarən 478 min hektardan 890 min hektaradək artırılıb və hazırda 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığından ibarət şəbəkə ölkə ərazisinin 10,3%-ni təşkil edir.

"Meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin salınması məqsədi ilə bir sıra ciddi tədbirlər görülüb. Əgər 2002-ci ildə əkin, səpin və təbii bərpaya kömək tədbirləri cəmi 7 750 hektar sahədə aparılıbsa, 2009-cu ildə bu rəqəm artıq 10 751 hektar olub. Ümumilikdə, 2003-2009-cu illər ərzində 69 715 hektar sahədə meşəbərpa və yeni meşələrin salınması işləri görülüb", - nazir bildirib.

Nazirin sözlərinə görə, Sumqayıt şəhərinin ətraf mühitinin normadan artıq çirklənməsinə səbəb olan xlorun alınmasında əmələ gəlmiş 287 min ton civə tərkibli toksiki tullantılar təhlükəli tullantılar poliqonuna daşınaraq tam şəkildə zərərsizləşdirilib.

Xəbər lenti

Xəbər lenti