Azərbaycan, Bakı, 27 avqust /Trend/
Avqustun 26-da Kanadanın Niaqara şəhərində Beynəlxalq Azərbaycan muğamı gününə həsr olunmuş Azərbaycan musiqisi axşamı keçirilib. Bu barədə Azərbaycanın Kanadadakı səfirliyindən bildirilib.
Niaqara şəhərinin meriyasının qərarı ilə 26 avqust Beynəlxalq Azərbaycan muğamı günü elan olunub.
Tədbir zamanı Niaqara şəhərinin meri Qari Burro (Gary Burroughs) açılış nitqi ilə çıxış edib. Daha sonra o, Kanadanın "İpək yolu" kamera orkestrinin bədii rəhbəri, bəstəkar və dirijor İsmayıl Hacıyev və tədbirdə iştirak edən məşhur heykəltəraş Ömər Eldarova fəxri fərmanları təqdim edib.
Həmçinin, tədbir zamanı Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev və cari ilin iyun ayında Azərbaycanda səfərdə olmuş Ontario əyalətinin parlamentinin üzvləri M.Kvinter və R.Moridi təbrik nitqləri ilə çıxış ediblər.
Konsertdə Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəyov, Qara Qarayev, Həsən Rzayev, Fərhad Bədalbəylinin əsərləri səsləndirilib. Həmçinin, konsert zamanı Azərbaycan muğam musiqisi parçaları ifa edilib.