Azərbaycan, Bakı, 8 sentyabr /Trend/
Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabr ayının 7-də Almaniya və Azərbaycan milliləri Köln şəhərində qarşılaşıblar.
Oyunun 28-ci dəqiqəsində Almaniya yığmasının futbolçusu Heyko Vesterman Azərbaycan millisinin qapısından ilk topu keçirərək, komandasını hesabda irəli çıxarıb.
Birinci hissənin son dəqiqələrində Lukas Podolski və Miroslav Klozenin vurduğu qollar demək olar ki, oyunun müqəddəratını həll etdi. Birinci hissə 3-0 hesabı ilə sona çatdı.
İkinci hissənin başlanmasından 8 dəqiqə sonra komandamızın kapitanı Rəşad Sadıqov cinahdan göndərilən ötürmənin qarşısını almağa çalışarkən, topu öz qapısından keçirdi.
Oyunun 57 ci dəqiqəsində Rail Məlikov Vaqif Cavadovun ötürməsini qola çevirməyi bacardı. Hesab 4-1 oldu.
Ancaq 86-cı dəqiqədə Holqer Badştuberin və 91-ci dəqiqədə Miroslav Klozenin qolları almanların 6:1 hesabıyla qələbəsini rəsmiləşdirdi.
Azərbaycan millisinin növbəti oyunu oktyabr ayının 8 də Vyanada Avstriya millisinə qarşı olacaq.
Qrupun digər matçlarında Türkiyə millisi Belçikanı 3-2, Avstriya isə Qazaxstan millisini 2-0 məğlub etməyə müəssər olublar.