Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir M.Əliyev/
Avropa Şurası ölkələri idman nazirlərinin Bakıda keçiriləcək toplantısında müzakirə olunacaq məsələlər müəyyənləşib.
Gənclər və İdman Nazirliyi mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, Avropa Şurası tərəfindən Avropa ölkələrində idman sahəsində baş verən mühüm prosesləri müzakirə etmək üçün idman nazirləri sentyabrın 21-22-də Bakıda bir araya gələcəklər. 2 hissədən ibarət olan 18-ci konfrans qeyri-formal xarakter daşıyır.
Konfransın 1-ci hissəsində "Oyunların nəticələrinə əl qatılmasına qarşı idmanın təmizliyini və bütövlüyünü qoruyub-saxlamaq", ikinci hissəsində isə "Ümumavropa idman əməkdaşlığı" mövzuları müzakirə olunacaq. İdmançılar üçün vizaların verilməsi, dopinqdən istifadə edilmənin qarşısının alınması, Avropa İttifaqı ilə Avropa Şurası arasında əməkdaşlıq və digər məsələlər də iştirakçıların müzakirə mərkəzində olacaq.
Bununla yanaşı, Antidopinq Konvensiyası və idman matçları, futbol oyunları zamanı tamaşaçılar tərəfindən nalayiq hərəkətlər və zorakılığa qarşı mübarizə Konvensiyasının da monitorinqi müzakirə ediləcək.
Qonaqlar qismində konfransda AŞ-nin idman sahəsinin də daxil olduğu Baş Direktorluğunun direktoru, xanım Qabriella Battaini-Draqoni, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, "Sport Akkord" təşkilatının rəhbəri, Avropa Ədalətli Oyunlar Hərəkatının vitse-prezidenti və baş katibi, daha 10-a yaxın idman təşkilat rəhbəri iştirak edəcək. 18 ölkənin (İspaniya, Portuqaliya, Ukrayna, Türkiyə, Macarıstan və s.) idman naziri, nazir müavini, dövlət katibinin qatılacağı nəzərdə tutulan tədbirdə artıq 35 ölkə bu günə kimi öz iştirakını təsdiq edib.