...

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Müqəddəs zirvə" filminin təqdimatı olub (FOTO)

Cəmiyyət Materials 22 Sentyabr 2010 17:58 (UTC +04:00)
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Müqəddəs zirvə" adlı sənədli filmin təqdimatı olub. Trend-in məlumatına görə, çərşənbə günü təqdimatı keçirilən film millət vəkili Qənirə Paşayevanın və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin dəstəyi ilə çəkilib.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Müqəddəs zirvə" filminin təqdimatı olub (FOTO)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Müqəddəs zirvə" adlı sənədli filmin təqdimatı olub. Trend-in məlumatına görə, çərşənbə günü təqdimatı keçirilən film millət vəkili Qənirə Paşayevanın və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin dəstəyi ilə çəkilib. Filmin rejissoru Etibar Məmmədov, redaktoru Günel Paşayeva, baş məsləhətçisi isə Qənirə Paşayevadır.

"Müqəddəs zirvə" sənədli filmində Mübariz İbrahimovun həyatı və döyüş yolundan bəhs olunur. Filmdə Milli Qəhrəmanın valideynləri, yaxınları, həmçinin daxili qoşunlarda və Milli Orduda əsgər yoldaşları və komandirlərinin fikirləri öz əksini tapıb. Filmdə Mübariz İbrahimovun Vətən, o cümlədən Qarabağ haqqında fikirləri xüsusi yer tutur.

Tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə ithaf edilmiş, sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevaya məxsus olan "Şəhidim" kompozisiyasının da təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Günel Paşayeva açıb. "Mübariz İbrahimov düşmənə Azərbaycan ordusunun qüdrətini göstərdi. Bu güc, bu qüdrət müasir silahlardan, müasir texnikadan əvvəl Azərbaycan əsgərinin ruhundadır - Azərbaycanın bayrağına dəlicəsinə vurğun olan ruhundadır. Bu Ordu ona görə yenilməzdir ki, ruhu məhv etmək mümkün deyil", - Paşayeva əlavə edib.

O bildirib ki, filmin hərbi hissələrə, məktəblərə və xaricdə yaşayan diaspor nümayəndələrinə paylanması nəzərdə tutulub.

Millət Vəkili Qənirə Paşayeva öz çıxışında qeyd edib ki, Milli Qəhrəman Mübariz İbrahimovun qısa həyat yolu hər bir kəs üçün örnək ola bilər. "İyirmi iki yaşında bir insanın Milli Qəhrəman zirvəsinə çatması adi bir hadisə deyil. Bunun üçün insanda vətənə, torpağa qarşı elə bir sevgi olmalıdır ki, o sevgi hər şeydən üstün olsun, insan hər şeydən öncə "vətən" deyə bilsin. Bizim ondan öyrənə biləcəyimiz çox şey var", - Paşayeva bildirib.

Millət vəkili qeyd edib ki, ermənilər nə qədər çalışsalar da, Mübarizin valideyinlərini gözüyaşlı görə bilməyiblər. "Onlar deyiblər ki, biz fəxr edirik ki, oğlumuz torpaq üçün, Vətən üçün şəhid olub. Düşmən nə cür vəhşiliyə əl atsa da, onların qamətinin əyildiyini görə bilməyib", - o deyib.

Paşayeva Azərbaycan Prezidenti İlham Əliyevin də Milli Qəhrəmana diqqətindən söz açıb. O bildirib ki, İlham Əliyevin hərəkətləri hər bir azərbaycanlı üçün örnək olmalıdır.

"Cənab Prezidentin şəhidlərə, qəhrəmanlara diqqəti hər zaman yüksək səviyyədə olub. Mübariz İbrahimovu Milli Qəhrəman kimi yüksək bir ada layiq görüb, onun xatirəsinin əbədiləşdirilməsi üçün sənədlər imzalayıb. Cənab Prezidentin bu addımları bizim üçün örnəkdir. Hər bir azərbaycanlı da vətən uğrunda şəhid olmuş insanlarla ilə əlaqədar addımlar atmalıdır. Onların xatirələrinin gələcək nəsillərə çatdırılması üçün əlimizdən gələni etməliyik", - Paşayeva deyib.

Millət vəkilinin çıxışından sonra "Müqəddəs zirvə" filminin nümayişi olub.

Filmin nümayişindən sonra çıxış edənlər Milli Qəhrəmanımız haqqında danışıblar.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova bildirib ki, Mübariz ibrahimovun qəhrəmanlığı fövqəladə bir haldır. "Onun hərəkətləri bütün Azərbaycan xalqını cuşa gətirdi, xaricdə ictimai fikrin dəyişməsinə gətirib çıxardı və ermənilərin ürəklərini lərzəyə saldı", - Süleymanova əlavə edib.

Müvəkkil Milli Qəhrəmanın ölümündən öncə valideynlərinə yazdığı məktubdan da danışıb. Qeyd edib ki, onun məktubu kimi sənəd hələ də müharibə tariximizdə olmayıb. Onun məktubunun nüsxəsi hər bir məktəbdə və hərbi hissədə olmalıdır.

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Bayram Səfərov öz çıxıında bildirib ki, Mübariz hər birimizin qəlbində yaşayacaq. "Bu gün Azərbaycanda Mübarizə bənzəmək istəyən gənclərin sayı gündən-günə çoxalır. Onun göstərdiyi qəhrəmanlıq hər oğula qismət olmur", - Səfərov qeyd edib.

O vurğulayıb ki, Şuşanın mərkəzi küçələrinə, məktəblərinə Mübariz İbrahimovun adını verməklə onun ruhunu daha da şad etmiş olarıq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib ki, Mübariz İbrahimovun böyüdüyü və tərbiyə aldığı ailə örnək ola biləcək bir ailədir. Onun ailəsi haqqında da film çəkmək lazımdır.

Daha sonra Mübariz İbrahimovun komandirləri, orta məktəbdəki müəllimi onun haqqında xatirələrini danışıblar. Qeyd ediblər ki, Mübarizin qəhrəmanlığı hər bir kəsə örnək olacaq.

Sonda Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov çıxış edərək bütün göstərilən təşəbbüslərə və işlərə görə təşəkkür edib.

Xəbər lenti

Xəbər lenti