...

Avropa Şurası Azərbaycanın məişət və qadın zorakılığına qarşı qəbul ediləcək yeni konvensiyaya qoşulacağına ümid edir - Veronika Kotek

Cəmiyyət Materials 15 Oktyabr 2010 12:40 (UTC +04:00)
Avropa Şurası məişət və qadın zorakılığına qarşı yeni konvensiya hazırlayıb.
Avropa Şurası Azərbaycanın məişət və qadın zorakılığına qarşı qəbul ediləcək yeni konvensiyaya qoşulacağına ümid edir - Veronika Kotek

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Avropa Şurası məişət və qadın zorakılığına qarşı yeni konvensiya hazırlayıb. "Azərbaycanın bu konvensiyanı qəbul edəcək ölkələrin birincilərdən olacağına ümid edirəm", - Trend-in məlumatına görə, bunu Bakıda "BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin 10 illiyi - nailiyyətlər, perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek bildirib.

"Avropa Şurasının məişət və qadın zorakılığına qarşı yeni konvensiyasının bir il sonra qəbul ediləcəyi gözlənilir. Qadın hüquqlarının qorunması istiqamətində bütün ölkələrdə siyasi və milli proqramlar hazırlanmalı və icra olunmalıdır. Azərbaycanda məhkəmə sisteminin, iqtisadiyyatın, mətbuatın inkişafı üçün milli proqramlar hazırlanıb və həyata keçirilib. Bu baxımdan, gender bərabərliyinin təmin olunması ilə bağlı milli proqram qəbul edilməlidir", - Kotek deyib.

Bakıda Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin 10 illiyi - nailiyyətlər, perspektivlər" mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda "Kvinna Till Kvinna" Fondunun baş katibi də iştirak edir.

1325 saylı qətnamə - 2000-ci il oktyabrın 31-də qəbul edilib. Qətnamə qadın, sülh və təhlükəsizlik probleminə aiddir. O, sülhün, təhlükəsizliyin qorunub-saxlanılmasında qadınların qərar qəbuletmə prosesində bərabərhüquqlu iştirakını tələb edir.

Kotekin sözlərinə görə, Azərbaycanda qadın hüquqlarının təmin olunması baxımından çox işlər görülsə də, bu sahədə müəyyən problemlər hələ də qalmaqdadır.

"Real həyatda qadınların qanunla təsbit olunmuş hüquqlarının təmin olunmasında problemlər var. Kişilər və qadınlar arasında iqtisadi-siyasi həyatda səlahiyyətlərin bərabər paylanmaması gender rollarına mənfi təsir göstərir. Qadın və kişilər arasında əmək bazarında əmək haqları bərabərləşdirilməlidir, qadınlara əlverişli iqtisadi və peşə şəraiti yaradılmalııdır, onların iqtisadi müstəqilliyi olmalıdır. Həmçinin, qanunlarda qadın və kişi arasında ayrı-seçkilik aradan qaldırılmalıdır", - AŞ rəsmisi əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanda kişilərin nikah yaşı 18, qadınların isə 17-dir - bu ayrı-seçkiliyin aradan qaldırılması vacibdir və qadınların nikah yaşı 18 müəyyənləşdirilməlidir.

Xəbər lenti

Xəbər lenti