...

Azərbaycan diasporu əsassız erməni iddialarına qarşı

Cəmiyyət Materials 29 Oktyabr 2010 15:31 (UTC +04:00)
Azərbaycan diasporu əsassız erməni iddialarına qarşı
Azərbaycan diasporu əsassız erməni iddialarına qarşı

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir T.Haciyev

Azərbaycan diasporunun qarşısında duran ən ümdə və vacib fəaliyyət sözsüz ki, Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Sovetlər birliyinin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi, sonradan bu iddiaları müharibə həddinə çatdırması və bütün bu hərəkətlərlə yanaşı dünya ictimaiyyətində Azərbaycan əleyhinə mənfi rəy formalaşdıraraq münaqişə ilə bağlı bütün günahları Azərbaycanın üzərinə qoyması Azərbaycan xalqını bu mübarizəyə qoşulmağa vadar edib.

Əsassız erməni iddiaları bir neçə istiqamətdə özünü göstərir:

Xəstə təxəyyülün məhsulu - "Böyük Ermənistan" xülyası

Bu iddialardan birincisi ondan ibarətdir ki, guya nə vaxtsa, tarixin başlanğıcından əvvəlki dövrdə Xəzər dənizindən Qara və Aralıq dənizlərinə qədər olan ərazidə "Böyük Ermənistan" dövləti olub. Halbuki, müasir tarix elmində bu "dövlət" haqqında heç bir fakt yoxdur. Erməni ideoloqları özləri bu ideyaya səmimiyyətlə inanıblar və bütün erməni xalqını bu xəstə təfəkkürün köləsinə çeviriblər. Yalan nə qədər dəhşətlidirsə, ona inanmaq bir o qədər asandır. Ermənilər də bu dəhşətli yalana inanmaqla özlərini onun köləsinə çeviriblər. Lakin onların haçansa "Böyük Ermənistan" dövlətinə sahib olmadıqlarını tək tarixi faktlar deyil, bugünkü reallıqlar da sübut edir. Ermənilərin nə say, nə mədəniyyət, nə də digər faktorlar baxımından böyüklüyü hiss olunmur. Nə vaxtsa böyük imperiyalara malik olmuş xalqlar bu gün də dünyada fərqlənirlər. Misal üçün, Qədim Roma İmperiyasının tarixi varislərinin vətənində hələ də o imperiyaya məxsus tarixi abidələr qalır. Onların ədəbiyyatına və mədəniyyətinə həmin dövlətin varlığı təsir göstərib. Roma imperiyası faktoru onların bugünkü həyatına da təsirsiz ötüşmür.

Lakin ermənilərin timsalında bu cəhət hiss olunmur. Erməni mədəniyyəti əsasən tərkibində yaşadıqları dövlətlərin və xalqların mədəniyyətindən formalaşıb. Onların mədəniyyətləri və ədəbiyyatları Azərbaycan, gürcü, türk, fars və ərəb xalqlarından götürülmüş bir mədəniyyətdir. Yəni ermənilər hər xalqdan bir şey oğurlayaraq, özlərinə mədəniyyət formalaşdırıblar.

Digər tərəfdən ermənilər bütün dünyada özlərini əzabkeş xalq kimi təqdim edirlər. Sual oluna bilər ki, özlərinin iddia etdikləri kimi, bütün varlıqları boyu digər xalqlar tərəfindən əzilən, təqiblərə məruz qalan bir toplum necə özünə "Böyük Ermənistan" dövləti yarada bilərdi?

Digər tərəfdən, heç vaxt müəyyən bir əraziyə malik olmayan xalqın nə vaxtsa dənizdən-dənizə bir dövlətə malik olması da absurddur. Onların heç vaxt siyasi cəhətdən azad olmadığını erməni yazıçıları da təsdiq edirlər. Erməni yazıçısı Ovanes Tumanyan XX əsrin əvvəllərində yazırdı: "Bizim bədbəxt qəbiləmiz heç vaxt siyasi cəhətdən azad olmayıb". Tumanyanın erməniləri xalq yox, məhz qəbilə adlandırması da diqqətdən yayınmamalıdır. XX əsrə qədər özünü xalq deyil, qəbilə hesab edən bir toplumun haçansa "Böyük Ermənistan" dövlətinə sahib olması real görünmür.

"Erməni soyqırımı" iddiaları

Ermənilərin əsas iddialarından biri də guya XX əsrin əvvəllərində onların Osmanlı İmperiyası tərəfindən "soyqırıma" məruz qalmalarıdır. Ermənilər uzun illərdi tarixdə heç zaman olmayan uydurma "soyqırımı" dünyanın gündəliyinə gətiriblər. "Erməni soyqırımı" ideyasının bəzi Qərb dövlətləri tərəfindən dəstəklənməsi də sırf siyasi xarakter daşıyır. Bu ideya əslində Qərb dövlətləri tərəfindən Türkiyəni zəiflətmək, ona qarşı hər zaman təzyiq göstərmək üçün bir alətə çevrilib. Tarixin heç bir dövründə baş verməyən "Erməni soyqırımı" həm də ermənilərin Türkiyəyə qarşı ərazi iddialarından irəli gələn ideyadır. Ermənilər öz ərazi iddialarını məhz bu amil vasitəsi ilə formalaşdırmaq istəyirlər. Tarixi faktlar və rəsmi sənədlər isə belə bir hadisənin baş vermədiyini sübut edir.

Birinci dünya müharibəsi zamanı Rus İmperiyasının erməni faktorundan istifadə edərək İstanbula, Çanaqqala, Bosfor və Dardanel boğazlarına sahib olmaq məqsədi var idi. Məhz bu məqsədlə də erməni silahlı birləşmələri yaradılmış və Osmanlı Türkiyəsi ilə müharibə başlayacağı təqdirdə ermənilərin üsyanını təşkil etmək məqsədi qarşıya qoyulmuşdu.

Osmanlı İmperiyası ilə Çar Rusiyası müharibəyə başladıqdan sonra erməni silahlı dəstələri dinc türk əhalisini arxadan vururdular. Həm həmin ərazidə yaşayan ermənilər hökümətə qarşı qiyam qaldırmışdılar, həm də imperatorluğun hər yerində yaradılan erməni silahlı dəstələri dinc insanlara divan tuturdular.

Bu halların qarşısını almaq məqsədi ilə Türk hökuməti 1915-ci il mayın 27-də "Söbh və isqan haqqında" Qanun qəbul etdi. Dövlətə qarşı qiyam qaldıran ermənilər daha təhlükəsiz yerlərə köçürülməyə başladılar. Köçürülərkən bu ermənilərin can və malı qorunmalıydı. Köçürmə dövlətin hesabına həyata keçirilirdi. Ermənilər köçürülərkən onların təhlükəsizliyini qorumaq üçün jandarm qüvvələri verilmişdi. Sağlamlıqlarının qorumasından ötrü həkimlər ayrılmışdı. Ermənilər Van, Bitlis, Ərzurumdakı vilayətlərin daxilində daha təhlükəsiz ərazilərə köçürüldülər.  

Ermənilər bu faktı indiyə qədər "soyqırım" kimi qələmə verməyə çalışırlar. İddia olunur ki, 1915-ci ildə 1,5 milyon erməni "soyqırıma" məruz qalıb. Halbuki, heç bir tarixi mənbədə belə bir fakta rast gəlinmir.

Ölənlər hərbi əməliyyat meydanında ölənlərdir və say bu qədər deyil. Həmin dövrün rəqəmlərinə diqqət yetirsək, görürük ki, öldürülən ermənilərin sayı əvvəlcə 600 min, sonra 800 min , sonra isə 1 milyon 500 min nəfər göstərilir. Bu rəqəmlər reallığa uyğun deyil.

 
Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları

Azərbaycan diasporunun daim mübarizə apardığı əsassız erməni iddialarından biri də Azərbaycana qarşı olan ərazi iddialarıdır. Belə ki, bu iddialar yüz illər ərzində özünə kifayət qədər yer tutmuş erməni diasporu tərəfindən artıq uzun müddətdir ki, həyata keçirilir. Ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsini "Qədim erməni torpaqları" adlandırırlar və bütün dünyanı bu yalana inandırmağa çalışırlar. Türkiyənin Şərqi Anadolu ərazisinin də onların torpaları olduğunu iddia edirlər. Əlbəttə ki, bu iddiaların da mərkəzində heç vaxt mövcud olmayan "Böyük Ermənistan"ı bərpa etmək məqsədi dayanır.

Ermənilərin Azərbaycana ərazi iddiaları irəli sürməsi əslində XX əsrin sonunda ortaya çıxan məsələ deyil. Azərbaycan torpaqlarını ələ keçirmək uğrunda İranla Rusiya arasında gedən müharibənin nəticəsində 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra Rusiya İmperiyası Cənubi Qafqazda demoqrafik vəziyyəti rusların xeyrinə dəyişmək və Qafqaza hər an təsir göstərmək məqsədi ilə ermənilərin İran və Türkiyə ərazisindən kütləvi şəkildə Azərbaycana köçürülməsinə başlanıldı. Rus ideoloqları tərəfindən irəli sürülmüş bu ideya özünü hər cəhətdən doğrultmağa başladı. Ermənilərin Qafqaza kütləvi şəkildə köçürülməsi əslində I Pyotrun ideyası idi. 1922-ci ildə I Pyotr tərəfindən Azərbaycanın Xəzəryanı bölgələrinin işğalı nəticəsində ermənilərin bu ərazilərə köçürülməsi ideyası ortaya atıldı. Belə ki, 1924-cü ildə I Pyotrun ermənilərin Azərbaycan torpaqlarına kütləvi köçürülməsi planı reallaşmağa başladı. Sonralar həmin torpaqların Rus imperiyasının əlindən çıxması nəticəsində ermənilərin Azərbaycana köçürülməsi ideyasının reallaşmasında fasilə yarandı. Lakin məlum Türkmənçay müqaviləsindən sonra bu ideyanın həyata keçirilməsinə başlanıldı.

Aleksandr Qriboyedov ermənilərin Azərbaycan ərazilərinə kütləvi şəkildə köçürülməsi haqqında rusiya çarına yazırdı:

"Ermənilərin əsas hissəsi müsəlmanlara məxsus torpaqlarda məskunlaşdırılıb. Onlar köçürülən zaman müsəlman əhali köçəri həyat tərzinə uyğun olaraq, başqa yerlərdə olduqlarına görə onların ərazilərinə köçürülmə haqqında məlumatları yoxdur".

Qriboyedovun da yazdığı kimi, Qafqazın müsəlman əhalisi onların torpaqlarına ermənilərin köçürülməsindən xəbərsiz idilər. Çünki onlar həmin vaxt qışlaqlarda idilər.

Ermənilərin bu ərazilərə köçürülməsi onların Azərbaycana qarşı ərazi iddialarının əsasını qoyub. Və bu iddialar bu gün davam edir.

Azərbaycan diasporunun əsassız erməni iddialarına qarşı mübarizə üsulları

Erməni diasporu Azərbaycan diasporu ilə müqayisədə daha dərin köklərə malikdir. Onlar Amerika Birləşmiş Ştatlarında, Cənubi Amerika ölkələrində, Avropada və bəzi ərəb ölkələrində güclü təşkilatlara malikdirlər. Bununla belə, Azərbaycan diasporu da kifayət qədər güclü olan erməni diasporuna qarşı layiqli müqavimət göstərir. Bu istiqamətdə görülən işlərdə Azərbaycan dövlətinin xidmətləri danılmazdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə 1993-cü ildə ikinci dəfə qayıtmasından sonra, ölkəmizin diasporla bağlı vahid dövlət strategiyası müəyyənləşdi, diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Diaspor sahəsində fəallığın artırılmasının başlıca səbəblərindən biri də uzun illər Azərbaycan və Türkiyəyə qarşı işləyən erməni təbliğat maşınının qarşısını almaq idi.

Qısa zaman ərzində bu istiqamətdə xeyli işlər görülüb. Belə ki, diaspor təşkilatları tərəfindən bir çox qeyri-hökumət təşkilatları, ictimai hərəkatlar yaradılıb. Bu təşkilatlar tərəfindən zaman-zaman tədbirlər keçirilir, bədii və sənədli filmlər çəkilir, tarixi sənədlərə əsaslanın kitablar yazılır və bu materiallar xarici ölkələrin ictimaiyyətinə çatdırılır. Bu işlər erməni diasporunun yalanlarının qarşısını almaq xarakteri daşıyır. Uzun illər boyu dünya ictimaiyyətinə çatdırılan yalan məlumatlar bəzən öz məqsədlərinə nail ola bilir. Çünki, əvvəllər ermənilər öz təbliğatını aparırdılar və alternativ fikirlə rastlaşmayan insanlar istər-istəməz erməni yalanına inanmaq məcburiyyətində qalırdılar. İndi Azərbaycan diasporunun möhkəmlənməsi, təşkilatlanması erməni yalanının qarşısına sədd çəkir.

Görülən işlərə nəzər salanda onların əhəmiyyətini dərk etmək olur. Azərbaycanın diaspor təşkilatları tərəfindən 2009-cu ildə "20 Yanvar" faciəsinin 19-cu ildönümü, Xocalı soyqırımının 17-ci ildönümü, 31 Mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar İsveç, İsveçrə, Finlandiya, Norveç, Niderland Krallığı, Böyük Britaniya, Belçika, Latviya, Litva, Estoniya, Rusiya Federasiyası, Ukrayna, Belarus, Bolqarıstan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, ABŞ, Kanada, Yaponiya, Yeni Zelandiya, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Cənubi Koreya, Almaniya, Fransa, Çexiya, Macarıstan, Rumıniya və s. ölkələrdə müxtəlif formatlı tədbirlər təşkil edilib.

2008-ci ilin may ayında İslam Konfransı Təşkilatının (İKT) Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" (Justice for Khodjaly) beynəlxalq məlumat və təşviqat kampaniyası elan edilib. Bu kampaniya çərçivəsində ötən dövr ərzində dünyanın bir çox ölkələrində Xocalı soyqırımı ilə bağlı həqiqətləri yaymaq məqsədi ilə etiraz aksiyaları, elmi-praktik konfranslar və digər tədbirlər həyata keçirilib. Kampaniyada Azərbaycan diaspor təşkilatları da fəal şəkildə iştirak edir. Bu kampaniyanın başlaması ermənilərin dünyada Qarabağla bağlı apardığı təbliğat işlərinə böyük zərbə vurub. Hər zaman özünü əzilən tərəf göstərməyə çalışan ermənilərin iç üzünü bütün dünya tanıyıb.

Xarici yazarlar tərəfindən də Xocalı soyqırımının araşdırılması və dünya ictimaiyyətinə Qarabağ haqqında həqiqətlərin çatdırılması işi görülüb. Belə ki, 2009-cu ildə litvalı tarixçi, etnoloq və siyasi şərhçi İmantas Melyanas "Azərbaycan xalqına qarşı soyqırım (1905-1994)" adlı tarixi oçerk yazıb. Litva dilində yazılan oçerk "Soyqırım və müqavimət" ("Genocidas ir rezistencija" 2009, № 1 (25)) elmi jurnalında dərc olunub.

Dünya ictimaiyyətinə təkcə Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqla ermənilərin iç üzünü göstərmək mümkündür. Bu həqiqətlər onların Türkiyəyə və Azərbaycana qarşı irəli sürdükləri ərazi iddialarının əsassız və xəstə təfəkkürün məhsulu olduğunu göstərir.

Azərbaycan diasporu xəstə erməni təxəyyülünün məhsulu olan "erməni soyqırımı" iddialarına qarşı da mübarizə aparmalı olur. Ermənilər hər zaman bu iddiaları səsləndirsələr də, aprelin 24-də xüsusilə fəallıq göstərirlər. Ona görə də Azərbaycan diaspor təşkilatları türk diasporu ilə birlikdə yaşadıqları ölkələrdə tədbirlər və kütləvi aksiyalar keçirirlər. Bununla bağlı internet səhifələri yaradılır, kitablar nəşr olunur ki, erməni yalanının ayaq açıb yürüməsinin qarşısı alınsın.

Atalar deyir ki, yalanın ömrü 40 gündür. Təbii ki, "40 gün" məcazi mənada işlənmiş ifadədir. Yalan ayaq açsa da, yeriyə bilməz. Azərbaycan diasporu da erməni yalanının yeriməsinin qarşısını layiqincə ala bilir. Ancaq hələ ki, bu yalanların ayaqlarını kəsmək mümkün olmayıb. Əlbəttə haçansa haqq-ədalət yalan və böhtan üzərində qələbə çalacaq. Bu istiqamətdə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz işini davam etdirməlidir.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə ilə bağlı yazılar aşağıdakı linqlərdir

http://az.trend.az/news/karabakh/1771475.html

http://az.trend.az/news/society/1771449.html

http://az.trend.az/news/politics/1771264.html

http://az.trend.az/news/politics/1771281.html

http://az.trend.az/news/society/1770126.html

http://az.trend.az/news/society/1769966.html

http://az.trend.az/news/politics/1768183.html

http://az.trend.az/news/karabakh/1763854.html

http://az.trend.az/news/society/1767513.html

http://az.trend.az/news/society/1767208.html

http://az.trend.az/news/society/diaspora/1766801.html

http://az.trend.az/news/society/diaspora/1764515.html

http://az.trend.az/news/society/diaspora/1764255.html

http://az.trend.az/news/society/diaspora/1763034.html

http://az.trend.az/news/society/diaspora/1763005.html

http://az.trend.az/news/society/diaspora/1762913.html

http://az.trend.az/news/society/diaspora/1761223.html

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Xəbər lenti

Xəbər lenti