...

Azərbaycanda quş ovuna qadağa qoyulub

Cəmiyyət Materials 3 Dekabr 2010 10:29 (UTC +04:00)
Azərbaycanda dekabrın 1-dən quş ovuna bir aylıq müvəqqəti qadağa qoyulub. Bu barədə cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Azərbaycanda quş ovuna qadağa qoyulub

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dekabrın 1-dən quş ovuna bir aylıq müvəqqəti qadağa qoyulub. Bu barədə cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, son günlər Türkiyədə 4, Honq-Konq və Gürcüstanda isə 1 nəfərdə "quş qripi" xəstəliyinin (H1N1 virusu) aşkarlanması barədə yayılan məlumatlardan sonra Azərbaycan ərazisində qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranıb.

Onun sözlərinə görə, Cənub-Şərqi Asiyadan Azərbaycana vəhşi quşların miqrasiya etməsi, Gürcüstan və Türkiyə Respublikalarının isə ölkəmizlə həmsərhəd olması xəstəliyin hər an ölkəyə daxil olma ehtimalını artırır.

"Quş ovu üçün nazirliyin ərazi şöbələrinə ayrılmış ov icazələrindən istifadənin hüquqi qüvvəsi dayandırılıb. Məsələ ilə əlaqədar yekun qərar qəbul olunması üçün Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasına müraciət edilib", - İbrahimova deyib.

Ovçuların çoxsaylı müraciətləri nəzərə alınaraq, bu il noyabrın 5-də ölkə ərazisində su-bataqlıq quşlarının ovu açıq elan edilmişdi.

Xəbər lenti

Xəbər lenti