Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Sumqayıt şəhərində təbliği qanunla qadağan edilmiş "Yeddinci günün advenistləri" dini təriqətinin üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin bazar ertəsi yaydığı məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bakı şəhərində müvəqqəti qeydiyyatda olan Moldova vətəndaşı Rüstəm Əhmədovun Sumqayıt şəhəri Kotec qəsəbəsində yaşayan Oleq Litovçenkonun evində şəhər sakinləri Lyubov Dorma, Leyla Heydərova, Maqsud Yəhyayev, Sevinc Mansurlu, Fariz Quliyevə və Pərvanə İsmayılovaya "Yeddinci günün advenistləri" dini təriqətini təbliğ etməsi müəyyən edilib.
Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən Litovçenkonun mənzilinə baxış keçirilib və oradan həmin təriqətə aid 587 ədəd müxtəlif dini kitablar, 255 ədəd video-disk və kasetlər aşkar edilərək götürülüb.
Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 300-cü maddəsi (Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması), Litovçenko barəsində isə 299-cu maddəsi (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) ilə protokol tərtib edilərək Sumqayıt şəhər məhkəməsinə göndərilib.