...

Azərbaycanın hakim partiyasının Qadınlar Şurası üzvlərinin Milli Məclisin qadın millət vəkilləri ilə görüşü olub

Cəmiyyət Materials 15 Dekabr 2010 16:12 (UTC +04:00)
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatında çərşənbə günü partiyanın Qadınlar Şurasının üzvlərinin dördüncü çağırış Milli Məclisin qadın millət vəkilləri ilə görüşü keçirilib.
Azərbaycanın hakim partiyasının Qadınlar Şurası üzvlərinin Milli Məclisin qadın millət vəkilləri ilə görüşü olub

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatında çərşənbə günü partiyanın Qadınlar Şurasının üzvlərinin dördüncü çağırış Milli Məclisin qadın millət vəkilləri ilə görüşü keçirilib.

YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva tədbirin açılışında bildirib ki, Azərbaycan qadınları bu gün müxtəlif sahələrdə fəaliyyət göstərirlər. "İstənilən sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq Azərbaycan qadınını bir amal birləşdirməlidir - cəmiyyətin, dövlətin inkişafına xidmət etmək", - Əliyeva bildirib.

Onun sözlərinə görə, 1995-ci ildə yaradılan YAP Qadınlar Şurasının üzvləri bu gün mübariz bir ordudur.

2010-cu il noyabrın 7-də keçirilən parlament seçkilərinin nəticələrinə görə 20 qadın Milli Məclisə seçilib, onlardan 13-ü hakim partiyanı təmsil edir.

YAP Qadınlar Şurasının üzvü, Milli Məclisin vitse-spikeri Bahar Muradova tədbirdə çıxışı zaman bildirib ki, Azərbaycanda bütün çağırış Milli Məclis üzvü olan qadınlar öz vəzifələrinin öhdəsindən ləyaqətlə gəliblər. Onun sözlərinə görə, parlamentin xanım üzvləri müxtəlif beynəlxalq təşkilatlarla qurulan və inkişaf etdirilən əlaqələrdə ən mühüm yerlərdən birini tuturlar.

Milli Məclisin vitse-spikeri ölkədə bəzi hallarda qadınların inkişafını əngəlləyən erkən nikah, məişət zorakılığı kimi məqamların olduğunu və onlarla mübarizə aparmağın mühüm olduğunu bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirdə çıxışı zamanı dördüncü çağırış Milli Məclisin qadın millət vəkillərinin ölkənin demokratik inkişafında öz töhgələrini verəcəklərinə ümidvar olduğunu bildirib. Hüseynova bildirib ki, qadınlar öz nüfuzunu saxlamaq üçün daha çox çalışmalıdırlar.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova qadın millət vəkilləri və partiya fəalları qarşısında çıxışı zaman bildirib ki, Azərbaycan qadınının cəmiyyətin, gəncliyin mənəviyyatının sağlamlaşmasında üzərinə məsuliyyət düşür. "Qadınlar cəmiyyətin ictimai qınağını ortaya qoymalıdırlar", - Aslanova bildirib.

Xəbər lenti

Xəbər lenti