Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir M.Əliyev/
Nova-Qoritsa şəhərində Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin ilk iclası keçirilib. Bu barədə Trend-ə şənbə günü Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Emil Həsənov deyib.
Tarixi Kromberk qəsrində təşkil olunan tədbirdə sədr, onun müavinləri, eləcə də cəmiyyətin Müşahidə Şurasının üzvləri seçilib.
Səsvermə nəticəsində Veteranlar Cəmiyyətinin üzvü, keçmiş iş adamı, Nova-Qoritsa şəhərinin sakini İvan Başin cəmiyyətin başçısı seçilib.
Bundan başqa, iclas zamanı iki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də ikitərəfli münasibətlərin gələcək inkişafı məqsədilə yaradılan cəmiyyətin fəaliyyət proqramı da qəbul edilib. Qəbul edilən proqrama əsasən, iqtisadiyyat, təhsil, elm, mədəniyyət, turizm və idman kimi sahələrdə birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.
Tədbirdə Nova-Qoritsa şəhərinin meri Mitya Trtnik və Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Emil Həsənov iştirak ediblər.
Tədbir başa çatdıqdan sonra iştirakçılar Sloveniyanın incəsənət xadimi xanım Vesna Çrnivetsin Azərbaycanın İsmayıllı rayonunun Lahıc kəndinə həsr olunan fotosərgisi ilə tanış olublar.
Hazırda müxtəlif dövlət və ictimai təşkilatların, iş adamları, alimlər, jurnalist və İkinci Dünya müharibəsinin veteranlarının 80-ə yaxın nümayəndəsi, eləcə də "Mixaylo" kimi tanınan Sovet İttifaqı Qəhramanı Mehdi Hüseynzadənin silahdaşları Dostluq Cəmiyyətinin üzvləridir.