Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda hərbi çağırışın əsasları ilə bağlı qanun layihəsinə dəyişikliklərlə bağlı iş aparılır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komitəsinin üzvü, deputat Siyavuş Novruzov bildirib.
Onun sözlərinə görə, hazırda qanun layihəsinin müzakirəsi gedir.
"Azərbaycan müharibə şəraitində olan ölkədir və burada elə hərbi çağırış əsasları qoyulmalıdır ki, o çağırışa uyğun olaraq, insanlar daima müharibənin başlamasına hazır vəziyyətdə olsunlar. Bunun da əsası səfərbərlikdir", - Novruzov bildirib.
Komitə üzvü qeyd edib ki, xaricdə təhsil alanların, aspirantların hərbi xidmətə cəlb olunması məsələsi də bu hərbi çağırış əsaslarında öz həllini tapacaq.
O, qeyd edib ki, müəyyən müddəalar var ki, Hərbi Doktrina qəbul olunandan sonra ayrı-ayrı qanunlarda onun uyğunlaşdırılması prosesi getməlidir və bunlar da mərhəli şəkildə təmin olunacaq.