...

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Macarıstanda qeyd olunub

Cəmiyyət Materials 27 Dekabr 2010 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir T. Hacıyev/

Azərbaycanın Macarıstandakı səfirliyində Dünya Azərbaycanlılarının Beynəlxalq Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib. Trend-in səfirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbirdə səfirlik əməkdaşları, Macar-Azərbaycan dostluq cəmiyyətinin üzvləri, Budapeştin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, macar ictimaiyyətinin və media qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev açıb. Səfir qeyd edib ki, son illərdə dünyanın bir çox ölkələrində Azərbaycan diasporunun fəaliyyətində canlanma yaranıb.

"Bu canlanma ilk növbədə, respublikamızda həyata keçirilən məqsədyönlü siyasət, eyni zamanda coşqun tərəqqi və inkişafla bağlıdır", - səfir əlavə edib.

Səfir Azərbaycan həqiqətlərinin dünya miqyasında yayılması baxımından xarici ölkələrdə yaşayan həmvətənlərimizin planlı fəaliyyətinin əhəmiyyətini xüsusi vurğulayıb. Onlardan hər birini "Azərbaycan mənə nə verib?" prinsipi ilə deyil, "Mən Azərbaycana nə verə bilərəm?" prinsipi ilə hərəkət etməyə çağırıb.

Macar-Azərbaycan dostluq cəmiyyətinin sədri Svetlana Abdullayeva son bir il ərzində Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilən layihələrdən danışıb, Macarıstanda Azərbaycana, onun qədim tarixinə və təkrarsız mədəniyyətinə marağın durmadan artdığını bildirib.

Daha sonra azərbaycanlı tələbələrin nümayəndələri çıxış edərək macar gəncləri ilə yaratdıqları əlaqələrdən danışıblar.

Hər il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Dünyada on milyonlarla azərbaycanlı yaşayır. Onlar dünyanın müxtəlif yerlərində - İran, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, ABŞ və başqa ölkələrdə yaşayırlar. Azərbaycan diasporunun böyük əksəriyyəti Rusiyada yaşayır. Müxtəlif məlumatlara görə, Rusiyada 1,5-2 milyon azərbaycanlı yaşayır.

Azərbaycan Respublikasının yaradılması onların cəmiyyətdəki mövqeyinin fəallaşması üçün güclü təkan olub, milli yüksəlişə, əlaqələrin gücləndirilməsinə tələbat artıb. 1993-cü ildə Azərbaycan Prezidentinin fərmanı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilib.

Xəbər lenti

Xəbər lenti