...

Azərbaycan Mətbuat Şurası "Kür" qəzetinin 75 illiyini qeyd edib (FOTO)

Cəmiyyət Materials 27 Dekabr 2010 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Yevlax rayonunda fəaliyyət göstərən "Kür" qəzetinin 75 illik yubileyi keçirilib. Trend-in Mətbuat Şurasına istinadən verdiyi məlumata görə, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri, ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələri təmsilçiləri, rayon ziyalıları yubiley mərasimində iştirak ediblər. Mərasim iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.

Yevlax şəhərindəki Heydər Əliyev adına sarayda baş tutan tədbir "Kür" qəzetinin 75 illik fəaliyyətinə qısa ekskursiyalarla başlayıb. Məlumat verilib ki, Azərbaycanın yaşlı, öz ənənələri və yaradıcılıq uğurları ilə seçilən bu bölgə qəzeti ötən müddətdə "Yeni Yevlax", "Qələbə", "Təşəbbüs" və nəhayət "Kür" adları ilə 5570 dəfə işıq üzü görüb. Həmin saylardan Yevlax rayonunun salnaməsi, nəsillərin, müxtəlif yaşlı, peşəli, vəzifəli insanların fikir və duyğuları, istək və arzuları boylanıb. Bu nümunələrin daim yüksək peşəkarlıq və məsuliyyətlə təqdimatı qəzetin ictimai nüfuzunu formalaşdırıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Şuranın fəal üzvlərindən olan "Kür"ün yüksək tirajı, maddi-texniki bazası, dövriliyi ilə ölkəmizin digər bölgə qəzetlərinə nümunə olması onun xüsusi diqqət çəkən cəhətlərindəndir.

"Kür" həqiqətən də örnək bölgə mətbuatı nümunəsidir. Nəşr Yevlaxın, onun əməksevər əhasinin simasına çevrilib. Qəzetin yüksək səviyyəyə çatması böyük zəhmət tələb edən proses olub. Bu işdə nəşrin hər bir əməkdaşının müstəsna payı var. Təbii ki, ən böyük pay Yevlax ictimaiyyətinə, rayon rəhbərliyinə məxsusdur. Onların birgə səyi nəticəsində "Kür"ün timsalında region mediası modelinə sahibik", - Amaşov əlavə edib.

"Kür" qəzetinin baş redaktoru, respublikanın əməkdar jurnalisti Əminə Yusifqızı çıxışında yubiley mərasiminin iştirakçılarına təşəkkürünü bildirib. Qəzetə rəhbərlik etdiyi 20 ili xarakterizə edən Yusifqızı deyib ki, bu müddətdə nəşrin çətin şəraitdə ağır məhrumiyyətlər bahasına işıq üzü gördüyü dönəmlər də olub.

"Lakin ən çıxılmaz anlarda da qələmi yerə qoymamışıq, işləmişik. Hazırda rayon rəhbərliyinin və ictimaiyyətinin böyük qayğısı ilə əhatə olunmuşuq. Belə tədbirin təşkili də bunun bariz nümunəsidir. İndi qarşımızda bir vəzifə dayanır - yorulmadan işləmək. Bunun üçün hər cür şərait və imkana malikik", - Yusifqızı vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bölgələrdə "Kür" qəzeti kimi nəşrlərin sayının artırılması zərurətindən söhbət açıb. Onun sözlərinə görə, ölkədə mediaya dövlət səviyyəsində göstərilən diqqət və qayğı hər bir rayonda belə nümunələrin olacağına dərin inam hissi yaradır. "Azərbaycanda media siyasəti davamlı strategiyaya əsaslanır və çoxcəhətlidir. Bu xüsusiyyət region mətbuatının da dünya təcrübəsinə əsaslanan modelini ortaya qoymağa imkan verir. "Kür"ün mövcud istiqamətdə böyük uğurlar qazanacağına əminəm", - o qeyd edib.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu diqqəti mətbu orqanın özünəməxsus yaradıcılıq keyfiyyətlərinə yönəldib.

"Məhz bu, qəzetə geniş və sadiq oxucu auditoriyasını qazandırıb. "Kür"ün bölgə nəşrləri içərisində ən yüksək tiraja malik olması hər birimizi sevindirir. Qəzetin bu baxımdan bəzi paytaxt nəşrlərini qabaqlaması xüsusilə fərəhləndiricidir", - Babaoğlu deyib.

Çıxış edənlərdən Mətbuat Şurası sədrinin müavinləri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Şuranın İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, həmçinin "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Olaylar" qəzetinin baş redaktoru Yunis Oğuz, "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, Yevlax rayon prokuroru Firdovsi Nemətli və başqaları "Kür" qəzetinin bölgə nəşrləri içərisində öncül mövqeyə sahib olmasını şərtləndirən amillərdən söhbət açıblar. Onlar bu baxımdan ölkədə dövlət başçısı səviyyəsində mediaya göstərilən sistemli qayğı ənənəsini, Yevlax rayon rəhbərliyinin və ictimaiyyətinin nəşrə həssas münasibətini və qəzetin yaradıcı, istedadlı, jurnalist peşəsinə sadiq kollektivə malik olmasını xüsusi vurğulayıblar.

Yevlax rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev öz çıxışı zamanı bildirib ki, "Kür" qəzetinin yubileyinin təşkili nəşrin çoxillik media ənənələrinə verilən dəyərdən irəli gəlməklə yanaşı, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi kompleks media siyasətinin bir bölgə qəzeti timsalındakı təntənəsidir.

Mətbu orqan Yevlax rayon İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif edilib.

Yubiley mərasimində "Kür" qəzetinin kollektivinə rayon ictimaiyyəti tərəfindən müxtəlif qiymətli hədiyyələr təqdim olunub, yubiley münasibətilə şəhərdə geniş konsert proqramı təşkil  edilib.

Xəbər lenti

Xəbər lenti