...

Baş Prokurorluq Azərbaycanın Misirdəki səfirliyinin mühasibinin qətli ilə bağlı cinayət işi açıb

Cəmiyyət Materials 31 Yanvar 2011 18:36 (UTC +04:00)
Azərbaycanın Baş Prokurorluğu Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin mühasibinin qətli ilə bağlı cinayət işi açıb.
Baş Prokurorluq Azərbaycanın Misirdəki səfirliyinin mühasibinin qətli ilə bağlı cinayət işi açıb

Azərbaycan, Bakı, 31 Yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Baş Prokurorluğu Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin mühasibinin qətli ilə bağlı cinayət işi açıb.

Respublika Prokurorluğundan bazar ertəsi Trend-ə bildirilib ki, 29 yanvar 2011-ci il tarixdə Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində baş verən kütləvi iğtişaş zamanı Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyinin mühasibi, Azərbaycan Respublikasının vətəndaşı, 1987-ci ildə anadan olmuş Qocayev Nicat Rza oğlunun, işdən çıxıb yaşadığı evə qayıdarkən naməlum əcnəbi şəxs tərəfindən odlu silahdan açılmış atəş nəticəsində qəsdən öldürülməsi faktı üzrə cinayət qanunvericiliyinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənarda ölkə vətəndaşlarına qarşı cinayət törətdikləri halda hazırkı cinayət qanunu əsasında cinayət məsuliyyətinə cəlb edilmələrinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.2-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 31 yanvar 2011-ci il tarixdə həmin məcəllənin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində məhkəmə-tibbi ekspertlərin iştirakı ilə foto və video çəkilişlərdən istifadə olunmaqla meyitin baxışı keçirilmiş, daxili müayinəsi aparılmış, bədənindən bir ədəd güllə çıxarılaraq maddi sübut kimi götürülmüş, məhkəmə-tibbi, məhkəmə-ballistik ekspertizaları təyin edilmiş və iş üzrə əhəmiyyət kəsb edən məlumatların əldə edilməsi məqsədi ilə müvafiq sorğular göndərilib.

Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində səfirliyin əməkdaşlarının dindirilməsi,  digər zəruri istintaq hərəkətlərinin yerinə yetirilməsi, cinayəti törətmiş şəxsin müəyyən edilərək Azərbaycan Respublikasının tərəfdar çıxdığı BMT-nin Baş Məclisinin 14 dekabr 1973-cü il tarixli "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasına uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti