Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir E.İsmayılov/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rusiyaya sutkada 5,5-6 milyon kubmetrədək qaz tədarük edir. Bu barədə cümə axşamı ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev bildirib.
Qaz tədarükü Rusiyanın "Qazprom" şirkəti ilə imzalanmış və ildə iki milyard kubmetr qaz nəqlini nəzərdə tutan ortamüddətli müqaviləyə əlavə üzrə həyata keçirilir.
Ötən il ARDNŞ Rusiyaya orta hesabla sutkada üç milyon kubmetr qaz tədarük edib.
Hacıyev bildirib ki, ötən ilin sentyabr-noyabr aylarında Siyəzən kompressor stansiyasında təmir işləri aparılıb və 2011-ci il yanvarın 1-dən onun işi bərpa edilib.
2010-cu ildə ARDNŞ Rusiyaya 799,75 milyon kubmetr qaz ixrac edib. Ötən ilin dekabrında RF-yə 40,32 milyon kubmetr Azərbaycan qazı ixrac olunub. Bu göstərici noyabrda 60,8 milyon kubmetr təşkil edib.
Azərbaycan qazının Rusiyaya alqı-satqısı üzrə ortamüddətli müqavilə 2009-cu il oktyabrın 14-də Bakıda imzalanıb. 2010-2014-cü illəri əhatə edən müqavilə ARDNŞ ilə "Qazprom" şirkəti arasında imzalanıb. Bu ilin sentyabrında Bakıda imzalanan müqavilənin əlavəsinə uyğun olaraq, 2011-ci ildə "Qazprom" iki milyard kubmetr, 2012-ci ildə isə iki milyard kubmetrdən çox qaz alacaq.
Rusiyaya Azərbaycan qazının tədarükünə ötən il yanvarın 1-dən başlanılıb.