...

Azərbaycan prokurorluq orqanının müstəntiqi barəsində cinayət işi başlanıb

Cəmiyyət Materials 18 Mart 2011 12:52 (UTC +04:00)
Azərbaycan prokurorluq orqanının müstəntiqi barəsində cinayət işi başlanıb.
Azərbaycan prokurorluq orqanının müstəntiqi barəsində cinayət işi başlanıb

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan prokurorluq orqanının müstəntiqi barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Ağdaş rayon prokurorluğunun müstəntiqi Fəxrəddin Əliyev prokurorluq işçisinin nüfuzuna xələl gətirən və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə, "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi"nin tələblərini kobud şəkildə pozduğuna görə rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric edilib.

Məlumatda bildirilir ki, o, İsmayıllı rayon prokurorluğunda müstəntiq işlədiyi dövrdə, İsmayıllı rayonunun Diyallı kənd sakini Tamilə Əliyevaya həyat yoldaşı Təvəkkül Əliyevə yüngül cəza verilməsində köməklik göstərəcəyini vəd etməklə onlardan 7400 ABŞ dolları məbləğində pul alıb.

Bu barədə martın 14-də baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsindəki 161 nömrəli "qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciət üzrə idarənin Daxili təhqiqatlar şöbəsi tərəfindən araşdırma aparılıb.

Müəyyən edilib ki, Əliyevanın həyat yoldaşı 2007-ci ilin oktyabr ayında narkotik vasitələrin qanunsuz satışı faktına görə başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirli bilinərək Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Həyat yoldaşına köməklik göstərilməsi üçün yollar axtaran Əliyevanın Sumqayıt şəhərində yaşayan Rəşad adlı qohumunun vasitəsi ilə tanış olduqları Fəxrəddin Əliyev onlara kömək edəcəyini və Əliyevin cəzasını yüngülləşdirəcəyini vəd edərək, bunun müqabilində 6000 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirib.

Şəxsi mal-qaralarını, qızıl-zinət əşyalarını satmaqla, həmçinin başqa şəxslərdən borc almaqla həmin məbləğdə pul Əliyevanın Qadir adlı oğlu və qaynı tərəfindən 2007-ci ilin axırlarında hissə-hissə rayon prokurorluğunun inzibati binasında Fəxrəddin Əliyevə verilib.

Məhkəmənin hökmü ilə Əliyev 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra, məsələnin apelyasiya instansiyası məhkəməsində həll ediləcəyi barədə vədlər verməklə həmin şəxsləri arxayın salan Fəxrəddin Əliyev əlavə olaraq onlardan 1400 ABŞ dolları məbləğində pul alıb.

Apelyasiya instansiyası məhkəməsində Əliyevin cəzası 6 ilə qədər azaldıldıqdan sonra, Fəxrəddin Əliyevin onları aldadaraq 7400 ABŞ dolları məbləğində pullarını ələ keçirdiyini başa düşən Əliyeva və qohumları dəfələrlə telefon əlaqəsi saxlamalarına baxmayaraq, Əliyev müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınıb.

Həyata keçirilmiş ilkin araşdırmalarla qeyd olunanlar öz təsdiqini tapıb.

Törətdiyi cinayət əməllərinə görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanılmış cinayət işi üzrə Əliyev qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə görə Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti