...

BQXK Azərbaycan həbsxanalarında vərəmə nəzarət proqramını yekunlaşdırıb

Cəmiyyət Materials 29 Mart 2011 14:58 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycanda azadlıqdan məhrumetmə yerlərində vərəmə nəzarət proqramını təhvil verib.
BQXK Azərbaycan həbsxanalarında vərəmə nəzarət proqramını yekunlaşdırıb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir K.Zərbalıyeva/

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycanda azadlıqdan məhrumetmə yerlərində vərəmə nəzarət proqramını təhvil verib.

BQXK-nın Bakı ofisindən Trend-ə verilən məlumata görə, təhvilvermə mərasimində ədliyyə naziri Fikrət Məmmədov və BQXK-nın Şərqi Avropa və Orta Asiya Əməliyyatlarının rəhbəri Paskal Mej Vaqnerin iştirak edib.

BQXK Azərbaycanda vərəmə yoluxmuş məhbusların müalicəsini təmin etmək üçün 1995-ci ildən Azərbaycan Ədliyyə Nazirliyi ilə birgə əməkdaşlığa başlayıb.

BQXK-nın həyata keçirdiyi proqram nəticəsində məhbusların vərəm xəstəliyindən vəfat etməsi halları əhəmiyyətli dərəcədə azalıb və ölkənin penitensiar müəssisələri hazırda vərəmin mülicəsinə görə dünyada ən yüksək göstəricilərdən birinə malikdir.

Vərəmli Məhbuslar üçün İxtisaslaşmış Müalicə Müəssisəsinin rəhbəri Nizami Quliyev tədbirdəki çıxışında bildirib ki, 1990-cı ildə məhbuslar arasında ölümün əsas səbəbi vərəm xəstəliyi olub.

Onun sözlərinə görə, 1995-ci ildə təxminən 470 məhbus bu xəstəlikdən vəfat edib. Bu il isə vərəmdən ölən məhkumların sayı 20 nəfərdən də az olub.

Müalicə müəssisəsi Azərbaycanın bütün cəzaçəkmə müəssisələrindən gələn təxminən 1000 nəfər vərəmə yoluxmuş məhbusun müalicə olunduğu müasir tibb ocağıdır. Müəssisədə diaqnostik laboratoriya və aptek, rentgen aparatları və kameraları, ümumi yaşayış yerlərini maksimum səviyyədə təmiz hava ilə təchiz emək üçün quraşdırılmış mükəmməl ventilyasiya sistemi var.

"Dünyanın hər yerində həbsxanalar sıxlıqdan, zəif qidalanmadan və səhiyyə xidmətlərinin qeyri-adekvat olmasından əziyyət çəkir və bunların nəticəsində yaranmış ağır və mürəkkəb mühitdə vərəmlə mübarizə aparmaq çətinləşir. Bundan əlavə, məhbusların vəziyyəti heç də həmişə prioritet hesab olunmur", - BQXK-nın azadlıqdan məhrumetmə yerlərində səhiyyə xidmətlərinə nəzarət üzrə koordinatoru, doktor Raed Aburabi tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın təcrübəsi göstərir ki, kifayət qədər siyasi istək və iradə olduqda, əhəmiyyətli iəliləyiş əldə etmək mümkündür.

O, vərəm əleyhinə mübarizədə tam uğur qazanmaq üçün penitensiar sistemdə göstərilən səylərin ictimai səhiyyə orqanları tərəfindən aparılan müvafiq tədbirlərlə də müşayiət edilməsinin vacibliyini vurğulayıb.

Məlumatda bildirilir ki, Bakıdakı İxtisaslaşmış Müalicə Müəssisəsində həyata keçirilən proqram çox uğurlu olduğundan, BQXK həbsxanaları vərəm xəstəliyinin yayılması üçün münbit mühitə çevrilmiş digər ölkələrdə də həmin proqramı model kimi istifadə etməyi planlaşdırır.

15 ildən bəridir ki, BQXK Qırğızıstanda, Peruda, Filippində, Uqandada və dünyanın digər ölkələrində həbsxanalarda vərəmə qarşı mübarizə aparır. Son iki il ərzində təşkilat Ermənistanda və Gürcüstanda vərəmlə əlaqəli fəaliyyətini bu ölkələrin hakimiyyət orqanlarına təhvil verib.

Xəbər lenti

Xəbər lenti