...

Azərbaycan islam və türk dünyasının ayrılmaz hissəsi olan dünyəvi dövlətin gözəl nümunəsidir - deputat

Cəmiyyət Materials 8 Aprel 2011 15:27 (UTC +04:00)
Azərbaycan xoşbəxt ölkədir, islam və türk dünyasının ayrılmaz hissəsi olan dünyəvi dövlətin nümunəsidir. Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə belə düşünür.
Azərbaycan islam və türk dünyasının ayrılmaz hissəsi olan dünyəvi dövlətin gözəl nümunəsidir - deputat

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir V.Javoronkova/

Azərbaycan xoşbəxt ölkədir, islam və türk dünyasının ayrılmaz hissəsi olan dünyəvi dövlətin nümunəsidir. Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə belə düşünür.

"Azərbaycan özünün tolerantlıq və dünyəvilik ənənələri ilə, bəlkə də, islam və türk dünyası üçün ən yaxşı modellərdən biridir", - Mollazadə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

"Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa hazır olan və uğurlu təcrübəyə malik ölkədir. Mən fəxr edirəm ki, ölkəmizdə dini əməkdaşlıq və ortodoksal xristian və hətta erməni kilsələri var. Bu çox vacibdir, belə ki, dindən siyasətdə istifadə bəzən müharibə kimi çox təhlükəli nəticələr yaradır", - Mollazadə vurğulayıb.

Onun sözlərinə görə, müasir texnologiyalar insanlara öz fikirlərini sərbəst surətdə ifadə etməyə imkan verir, lakin eyni zamanda, belə güclü resurslar yanlış fikirli insanın əlində təhlükəli alətə çevrilə bilər.

"Paralel olaraq sülhə nail olma yollarını müzakirə edən və təhlükə yaradan, terrorizmi dəstəkləyən, terror aktlarının və inqilabların təşkilinə xidmət edən mənbələr var", - deputat əlavə edib.

Mollazadənin sözlərinə görə, müasir kommunikasiya vasitələri kimi alət mədəniyyəti və müvafiq biliyi olmayan insanların əlinə düşsə, bu əzəmətli qüvvə dağıdıcı olacaq. "Mən inqilabları dəstəkləmirəm, belə ki, bu gün bizim təkamülə ehtiyacımız var və bu prosesdə mədəniyyətin rolunu qeyd etmək lazımdır. Çünki onsuz müsbət dəyişikliklərə nail olmaq qeyri-mümkündür", - Mollazadə qeyd edib.

Cümə günü Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işini davam etdirir. Forum "Qadınlar - mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusunda sessiya ilə davam edir.

Sessiyanın həmsədrləri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və YUNESKO-nun Mədəniyyətlər və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenoudur. Sessiyanın gündəliyinə BMT-nin Qadınlara münasibətdə bütün ayrı-seçkiliklərin ləğvi üzrə Konvensiyanın (CEDAW) eksperti Pramila Pattenin məruzəsi daxil edilib.

Sessiya iştirakçıları arasında Azərbaycan Ailə, Qadın və Uşaqların problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, RF Şurasının sədri Svetlana Orlova, Paris 7-ci dairəsinin meri Rəşidə Dati, Amerikanın Mədəniyyətlərarası Dialoq Mərkəzinin direktoru Vendi Lids-Urvis, "Minillik" layihəsinin Meksika şəbəkəsinin sədri Konsepsyon Olavarrietta və başqaları var.

Cümə axşamı Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Forumun işində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir. Forum sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələsinə həsr olunub. Forum "Sərhədsiz dünyaya doğru" adlı sessiya ilə açılıb. Sessiyaya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və tərəfdaşlıq üzrə müşaviri Jan Kristof Bas sədrlik edib.

Xəbər lenti

Xəbər lenti