...

Bu ilin birinci rübündə DSMF-yə əhalidən 34164 müraciət daxil olub

Cəmiyyət Materials 11 Aprel 2011 11:36 (UTC +04:00)
Bu ilin birinci rübü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müasir tipli "190" nömrəli telefon məlumat xidmətinə ("Call-center") əhalidən 34 164 müraciət daxil olub.
Bu ilin birinci rübündə DSMF-yə əhalidən 34164 müraciət daxil olub

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Bu ilin birinci rübü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müasir tipli "190" nömrəli telefon məlumat xidmətinə ("Call-center") əhalidən 34 164 müraciət daxil olub. Sorğu və müraciətlərin 82,2 faizi canlı rejimdə birbaşa məsləhətçi operatorlar tərəfindən cavablandırılıb. Bu barədə bazar ertəsi Trend-ə DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Məlumata görə, telefon məlumat xidmətinə ünvanlanan müraciətlərin 17,8 faizi isə qeyri-iş günlərinə təsadüf edib və bu zaman suallara avtomatik olaraq robot tərəfindən standart formada cavablar verilib.

Telefon məlumat xidməti canlı və avtomatik rejimdə olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri olan dövrü əhatə edir və bu zaman sorğu və müraciətlər birbaşa olaraq məsləhətçi operatorlar tərəfindən cavablandırılır. Canlı rejimdə göstərilən telefon xidməti iş günü ərzində fasiləsiz, saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək olmaqla iki növbəli xidmət əsasında həyata keçirilir. 13:00-dan 14:00-dək isə telefon məlumat xidməti canlı iş rejimindən avtomatik iş rejiminə keçir. Bu zaman suallar avtomatik olaraq robot tərəfindən standart formada cavablandırılır. Avtomatik iş rejimi həmçinin iş vaxtından sonrakı saatlarda, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.

Cari ilin birinci rübündə "190" nömrəli telefon məlumat xidmətinə canlı rejimdə daxil olan müraciətlər arasında pensiya məsələləri üstünlük təşkil edib. Müraciətlərin 53,4 faizi bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 19,3 faizini məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 27,3 fazi isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub.

Sorğuların təhlili göstərir ki, telefon məlumat xidmətinə ünvanlanan müraciətlər daha çox maarifləndirici xarakter daşıyıb. Müraciətlər arasında bilavasitə Fondun səlahiyyətlərinə aid olmayan məsələlər də azlıq təşkil etməyib. Bu müraciətlərlə əlaqədar vətəndaşlara lazımi izahatlar verilib, onlara müvafiq qurumlara müraciət etmək tövsiyə olunub.

Telefon məlumat xidmətindən istifadə qaydaları barədə məlumat və xüsusi maarifləndirici video çarx DSMF-nin saytında (www.sspf.gov.az) yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti