Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İ.İsabalayeva/
Bu ilin iyul ayında Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələri Azərbaycana səfərə gələcəklər. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.
Onun sözlərinə görə, səfərin məqsədi BAEA-nın AMEA ilə birgə həyata keçirdiyi "Sterilizasiya məqsədilə qamma kompleksinin qurulması layihəsi"nin gedişi ilə maraqlanmaqdır. Səfər zamanı BAEA nümayəndələri kompleksin tikiləcəyi sahə ilə də tanış olacaqlar.
Qəribov bildirib ki, kompleksin qurulması ilə bağlı işlər hazırda normal gedir. "Artıq bunun üçün Bakıda yer ayrılıb. İnvestisiya proqramı çərçivəsində hazırda orada işlər aparılır. Sahənin kənarı hasarlanır, kommunikasiya xətləri çəkilir. Güman edirəm ki, ilin sonunadək ofis binasının layihəsini yekunlaşdıracağıq. Gələn il isə artıq ofis binasının tikintisi aparılacaq", - o qeyd edib.
Qəribov deyib ki, strelizasiya qurğusunun tikintisi ilə bağlı avadanlıqların alınması üçün elan edilən tenderin nəticəsi iyunun birinci yarısında məlum olacaq.
İnstitut direktoru onu da qeyd edib ki, mayın 27-də Rusiyanın Dmitrovqrad şəhərində tədqiqat nüvə reaktorlarının təhlükəsizliyi, iyunun 10-14-də isə Qırğızıstanda uran istehsalı sahələrinin tullantılarının emalı üzrə təşkil olunacaq beynəlxalq konfransda iştirak edəcək.
Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri Azərbaycana gələcəklər
Bu ilin iyul ayında Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələri Azərbaycana səfərə gələcəklər. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.
