Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İsabalayeva/
Bu gün Gülüstan Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə məktəblilər arasında təşkil olunan inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov deyib ki, bu mövzuda ilk inşa yazı müsabiqəsi 2007-ci ildə təşkil olunub.
İnşa müsabiqəsi hər il Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə 3 mərhələdə - məktəb, rayon (şəhər) və respublika (yekun) mərhələsində keçirilir.
Müsabiqədə peşə liseylərinin və orta məktəblərin VII-XI sinif şagirdləri iştirak edir.
Müsabiqənin məktəb və rayon (şəhər) mərhələlərinə 700 minədək məktəbli qatılıb.
İnşa müsabiqəsinin yekun mərhələsində 97 məktəbli iştirak edib. İştirakçıların 3-ü I, 4-ü II, 6-sı III yerə, 65 nəfər həvəsləndirici yerə layiq görülüb.
Qaliblər hədiyyələrlə mükafatlandırılıblar.